• Bakı C

    11.12 m/s

  • USD - 1.7

    EUR - 2.008

    RUB - 2.2155

Regional su və şəhər təchizatı xidmətləri yenidən formalaşdırılır

CƏMİYYƏT

27 Fevral 2026 | 17:29

Regional su və şəhər təchizatı xidmətləri yenidən formalaşdırılır

“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Regional Su Meliorasiya Xidməti” və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxslərin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 600 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədilə Baş nazir Əli Əsədov müvafiq sərəncam imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, sərəncama əsasən, aidiyyəti dövlət qurumlarına Fərmanın icrası ilə bağlı konkret tapşırıqlar verilib.

Sənədə əsasən, Ədliyyə Nazirliyi Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə razılaşdırmaqla Nazirlər Kabinetinin normativ hüquqi aktlarının Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini beş ay müddətində təqdim etməlidir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə isə bir sıra mühüm vəzifələr həvalə olunub. Belə ki, qurum normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməli, həmçinin yaradılması nəzərdə tutulan qapalı səhmdar cəmiyyətlərinin nizamnamə layihələrini bir ay ərzində hazırlamalıdır.

Sərəncama əsasən, mərkəzi icra hakimiyyəti orqanları dörd ay müddətində öz səlahiyyətləri çərçivəsində normativ hüquqi aktlarını Fərmana uyğunlaşdırmalı və bu barədə məlumatı Ədliyyə Nazirliyinə təqdim etməlidir.

Eyni zamanda, Ədliyyə Nazirliyi bu prosesin əlaqələndirilməsini təmin etməli və normativ aktların uyğunlaşdırılması barədə altı ay müddətində Nazirlər Kabinetinə məlumat verməlidir.

Sərəncamın icrası Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə olunub.

Sənəd imzalandığı gündən qüvvəyə minib.


SON XƏBƏRLƏR