Respublika Perinatal Mərkəzdə yanğınla bağlı cinayət məsuliyyətinə cəlb edilmiş direktor Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev, Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin barəsində hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Ramin Qaraqurbanlının sədrlik etdiyi prosesdə Elnur Əhmədlinin vəkili vəsatət verib.
O, məhkəmədən prosesin təxirə salınmasını xahiş edib, bildirib ki, digər vəkil hazırda məhkəmədə iştirak etmir.
Təqsirləndirilən Hamlet Mustafayevin yeni təyin olunmuş vəkili Ülviyyə Mirzəliyeva iş materialları ilə tanış olmadığını bildirərək məhkəmədən vaxt istəyib.
Növbəti məhkəmə prosesi sentyabrın 22-nə təyin edilib.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehriban Abasquliyeva 7 il 3 ay, Hamlet Mustafayev 5 il 8 ay, Elnur Əhmədli isə 5 il 2 ay müddətə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs olunublar.
Qeyd edək ki, bundan əvvəlki prosesdə çıxış edən prokuror hər üç təqsirləndirilənin 3 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməsini, Mehriban Abasquliyevanın 8 il, Elnur Əhmədli və Hamlet Mustafayevin 7 il müddətinə azadlıqdan məhrum edilməsini və onların zalda həbs olunmasını təklif etmişdi.
2024-cü il yanvarın 9-da Respublika Perinatal Mərkəzində inzibati binasında yanğın baş verib. Baş Prokurorluq Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başladıb, ibtidai istintaq Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.
İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş körpə ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.
Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci ildə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Bakı 



