Münaqişə başlayandan bəri Azərbaycan İranla qonşuluq siyasətinə sadiq qalıb. Xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığında Azərbaycanın ərazisinin İrana qarşı istifadə olunmayacağı barədə Prezident İlham Əliyev tərəfindən dəfələrlə səsləndirilmiş mövqeni bir daha xatırladıb.
Bununla yanaşı, Bakı humanitar addımlar ataraq İran vətəndaşlarının və digər ölkə vətəndaşlarının sərhəddən keçidinə şərait yaradıb. Lakin buna baxmayaraq, İran tərəfindən Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ərazisinə dron zərbələrinin endirilməsi rəsmi Bakının göstərdiyi konstruktiv yanaşmaya zidd addım kimi qiymətləndirilir.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən deputat Ceyhun Məmmədov açıqlamasında deyib ki, İran tərəfinin belə bir addım atması Tehranın nankorluğunun və riyakarlığının əsas göstəricisidir.
Deputat bildirib ki, Azərbaycan hər zaman İranla münasibətlərin qorunmasına xüsusi önəm verib:
“Azərbaycan hər zaman dostluq münasibətlərinə, qardaşlığa sadiq olub. Son günlər cənab Prezident İlham Əliyevin İran dövlət başçısı Məsud Pezeşkiana bağsağlığı verməsi, səfirliyə getməsi də dediklərimizi bir daha təsdiqləyir. Bütün risklərə, İranın dünyadan təcrid olunduğu bir vaxtda Azərbaycan öz mövqeyini ortaya qoydu. Ancaq İran bunları nəzərə almadan ölkəmizə qarşı təxribat törətdi".

Ceyhun Məmmədov: Biz İrandan fərqli olaraq heç vaxt riyakar siyasət həyata keçirməmişik
Parlament üzvü vurğulayıb ki, ümumiyyətlə, rəsmi Bakı dəfələrlə vurğulayıb ki, Azərbaycan ərazisindən İrana qarşı heç vaxt istifadə olunmayıb və bundan sonra da istifadə olunmayacaq:
"Biz İrandan fərqli olaraq heç vaxt riyakar siyasət həyata keçirməmişik. Hər zaman qonşulara dəstək olmuşuq, onların yanında yer almışıq, həmrəylik nümayiş etdirmişik. Belə şəraitdə İranın Naxçıvana dronlarla zərbələri endirməsi, orada mülki şəxslərə xəsarət yetirməsi birbaşa terror hadisəsi kimi qiymətləndirilməlidir".
Onun sözlərinə görə, bu, İranın acizliyinin nümunəsidir:
"Təəssüf ki, İran Azərbaycanın bu qədər humanist addımlarını düzgün dəyərləndirə bilmədi, qonşuluq münasibətlərinə zidd addım atdı. Azərbaycan hər zaman prinsipial mövqedə olub. Ölkəmizə qarşı hücum təşkil edənlər daim peşmançılıq yaşayıblar. İran da öz əməlinə görə peşman olacaq".
Aydın Baxış
Bakı 




