Xalq artisti Röya Ayxanın keçmiş qayınatası, "Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Çingiz Cəlilov həbsdən azad edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə jurnalist Ülviyyə Alovlu məlumat yayıb. Ç.Cəlilov 9 il cəza çəkdikdən sonra azadlığa çıxıb.
Qeyd edək ki, Ç.Cəlilov 2017-ci ilin iyul ayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırılma nəticəsində həbs olunmuşdu.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ç.Cəlilov 12 il müddətinə azadlıqdan məhrum edilmişdi.
İttihama görə, “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Cəlilov Çingiz Asim oğlu “Bank Standard” QSC Kommersiya Bankının İdarə Heyətinin sədri olmuş Kriman Səlim Eldaroviçlə qabaqcadan razılaşmaqla əlbir olaraq 21 milyon 874 min manat məbləğində krediti bankın Müşahidə Şurasının razılığı olmadan dəyəri süni olaraq artıq qiymətləndirilmiş əmlakları girov qoymaqla özünün, yaxın qohumlarının və qohumluq münasibətində olduğu, eləcə də rəhbərlik etdiyi cəmiyyətlərdə işləyən ayrı-ayrı şəxslərin adlarına guya bağ evinin alınması, mənzil təmiri, torpaq alınması və bu kimi digər təyinatlarla rəsmiləşdiriblər.




