Moskva ABŞ-nin İrandakı nüvə obyektlərinə hücumlarını qətiyyətlə pisləyir; bu məsuliyyətsiz qərar BMT Nizamnaməsini kobud şəkildə pozur.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.
Bildirilir ki, suveren dövlətin ərazisinin raket və bomba zərbələrinə məruz qalması ilə bağlı məsuliyyətsiz qərar, buna haqq qazandırmaq üçün hansı arqumentlərdən istifadə olunmasından asılı olmayaraq, beynəlxalq hüququ, BMT Nizamnaməsini və Təhlükəsizlik Şurasının əvvəllər bu cür hərəkətləri birmənalı olaraq pisləyən qətnamələrini kobud şəkildə pozur”, - XİN-in məlumatında vurğulanır.
Qeyd edək ki, iyunun 22-də ABŞ İranın əsas nüvə infrastrukturu obyektlərinə zərbələr endirib. İrandakı Fordo, Natanz və İsfahan daxil olmaqla, üç nüvə obyekti hücuma məruz qalıb. ABŞ Prezidenti Donald Tramp Tehranın təslim olmadığı təqdirdə daha çox hücumla hədələyib. İranın xarici işlər naziri Abbas Əraqçi Vaşinqtonu beynəlxalq hüququ pozmaqda ittiham edərək bildirib ki, ölkə öz suverenliyini, maraqlarını və xalqını müdafiə etmək üçün bütün vasitələrdən istifadə etmək hüququnu özündə saxlayır.