Xəbər verdiyimiz kimi, Bloger Həcər Heydərinin içkili vəziyyətdə “Macallan Rasim” kimi tanınan şəxsə “bütün Azərbaycan qadınlarının şotunu verən” deyə müraciət etməsi sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.
Bloger bu ifadələrin yer aldığı görüntülərlə bağlı özü açıqlama verib.
Bloger qeyd edib ki, videoda səsləndirdiyi sözlər yanlış anlaşılaraq fərqli formada təqdim olunub:
“Dünəndən etibarən haqqımda yayılan video ilə bağlı açıqlama vermək istəyirəm. Sözügedən video təxminən bir həftə əvvəl çəkilib və dünəndən etibarən bəzi xəbər səhifələri tərəfindən paylaşılmağa başlayıb. Çox təəssüf edirəm ki, həmin videoda dediyim sözlər yanlış anlaşılmış və tamam fərqli şəkildə təqdim olunub. Təbii ki, bütün bunlar psixoloji olaraq mənə çox pis təsir etdi”.
Həcər Heydəri videonun çəkildiyi şəraitdən də danışıb:
“İlk olaraq videonun çəkildiyi şəraiti izah etmək istəyirəm. Həmin gün oğlumun iki yaş məclisində idim. Ailəmiz, dostlarımız və ən yaxın insanlarımızla bir araya gəlmişdik. Bir ailə məclisində mənim hansısa və ya Azərbaycan qadınını alçaldacaq hər hansı ifadə işlətməyim mümkün deyil və belə bir niyyətim də olmayıb”.
O, Azərbaycan qadınlarına münasibətinin hörmət üzərində olduğunu vurğulayıb:
“Mən özüm də bir Azərbaycan qadınının qızıyam. Azərbaycan qadınına olan dərin hörmətimi məni tanıyan və məsələyə qərəzsiz yanaşan hər kəs bilir. Azərbaycan qadını hər zaman uca olub və buna mənim münasibətimdə heç bir şübhə ola bilməz”.
Bloger videoda səslənən ifadənin dostlar arasında zarafat xarakteri daşıdığını bildirib:
“Videoda deyilən söz sadəcə dostlar arasında, ironiya xarakterli bir zarafat idi. Rəfiqəm də həmin anı öz kiçik səhifəsində paylaşmışdı. Ağlıma belə gəlməzdi ki, öz aramızda zarafat məqsədilə deyilən bir cümlə sonradan başqa səhifələrə yayılacaq, kontekstdən çıxarılacaq və tamam fərqli məna verilərək təqdim olunacaq”.
Heydəri ən çox ifadənin Azərbaycan qadınlarını alçaltmaq kimi başa düşülməsindən təəssüfləndiyini deyib:
“Məni ən çox incidən də məhz budur: zarafatla dediyim bir cümlənin Azərbaycan qadınını alçaltdığım kimi təqdim olunması. Çünki mənim nə düşüncəmdə, nə də niyyətimdə belə bir şey olub. Bəlkə də həmin cümləni başqa formada qursaydım, bu qədər yanlış anlaşılmazdı”.
O, yayılan görüntülərdən sonra özünün və ailəsinin təhqirlərə məruz qalmasının doğru olmadığını da bildirib:
“Mən də bir Azərbaycan qadınıyam. Mən də birinin övladı, bir ailənin üzvü, bir anayam. Bir ifadəyə etiraz etmək, onu tənqid etmək hər kəsin haqqıdır. Amma bunun qarşılığında bir qadını və onun ailəsini söyüş və ağır ifadələrin hədəfinə çevirməyin doğru olduğunu düşünmürəm”.
Həcər Heydəri açıqlamasının sonunda sözlərinin yanlış anlaşıla biləcəyini qəbul etsə də, Azərbaycan qadınlarını alçaltmaq niyyətinin olmadığını vurğulayıb:
“Bu açıqlamanı da yalnız bir məqsədlə verirəm: sözlərimin arxasında olmayan bir niyyətin mənə aid edilməsini istəmirəm. Yanlış anlaşılmış ola bilərəm, amma heç vaxt Azərbaycan qadınını alçaltmaq niyyətində olmamışam və ola da bilmərəm”.
Zeynəb Rzayeva





