• Bakı -0° C

    11.72 m/s

  • USD - 1.7

    EUR - 1.785

    RUB - 1.9142

Şagirdlər işdən çıxarılan müəllimin qaytarılmasını istədi - VİDEO

CƏMİYYƏT

20 Fevral 2025 | 17:30

Şagirdlər işdən çıxarılan müəllimin qaytarılmasını istədi - VİDEO

Bir neçə gün öncə Gəncədə 34 nömrəli məktəbin ingilis dili müəllimi Cavid Rzayevin 5-ci sinif şagirdi Ə.H.-yə qarşı zor tətbiq etməsi ilə bağlı iddialar yayılmışdı. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi sözügedən hadisə ilə bağlı araşdırma aparıldığını və müəllimin işdən xaric edildiyini açıqlamışdı.

Bakıvaxtı.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ötən gün bir qrup məktəbli sosial şəbəkələrdə yayılanların şayiə olduğunu bildirərək məktəbin qarşısında etiraz aksiyası keçirib.

Aksiyadan yayılan görüntülərdə öz müəllimlərinin müdafiəsinə qalxan şagirdlər onun həmin məktəblini döymədiyini, Ə.H.-nin özünün öz əlini divara çırpdığını söyləyiblər. Həmçinin məsələnin ədalətli araşdırılmasını və müəllimin yenidən işə bərpa olunmasını tələb ediblər.

Məsələ ilə bağlı DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupu ilə əlaqə saxladıq. Qrupun inspektoru Eşqin Qasımov sorğumuza cavab olaraq bildirdi ki, valideynin müraciəti əsasında Gəncə Şəhər Baş Polis idarəsinin İkinci Polis şöbəsində araşdırmalara başlanılıb: “Bu hadisə ilə bağlı ekspertiza təyin olunub. Ekspertizanın rəyindən və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən isə sorğumuza belə cavab aldıq: “Gəncə şəhər 34 nömrəli tam orta məktəbdə müəllimin şagirdə qarşı uyğunsuz davranışı iddiası əsasında Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb. Təlim-tədris prosesi zamanı belə halların yolverilməzliyi nəzərə alınaraq, sözügedən təhsil müəssisəsinin ingilis dili müəllimi Cavid Rzayevlə bağlanmış əmək müqaviləsinə xitam verilib.

Qeyd edirik ki, təhsilverənlərin etik davranış qaydalarına əməl edilməsi, eyni zamanda şagirdlərin təhlükəsizliyi və psixoloji durumu daim diqqət mərkəzində saxlanılır, bu istiqamətdə zəruri maarifləndirmə işləri görülür.

Bildiririk ki, şagirdlərə qarşı fiziki təzyiq göstərilməsi yolverilməzdir. Bu kimi hallara qarşı mübarizə tədbirləri davam etdiriləcək. Gələcəkdə də belə hallara yol verilərsə, müvafiq ölçü götürüləcək”.

Xatırladaq ki, məktəblinin döyülməsi iddiaları ilə bağlı saytımıza onun babası Ələddin Hüseynov müraciət etmişdi. O, nəvəsinin daha öncə də həm də sinif rəhbəri olan müəllimi tərəfindən döyüldüyünü, uşağın əlindən xəsarət aldığını iddia edirdi.


SON XƏBƏRLƏR