2026-2027-ci tədris ili üçün rezidenturaya qəbul olmuş şəxslər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə mülki-hüquq müqaviləsi bağlamalı və qeydiyyatdan keçməlidirlər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, tələb Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsini bitirmiş namizədlərə şamil edilmir.
Rezidenturaya qəbul olmuş şəxsin özü iştirak edə bilmədiyi halda müqaviləni onun etibarnamə verdiyi digər şəxs imzalaya bilər.
Bildirilib ki, göstərilən müddətdə qeydiyyatdan keçməyən şəxslər yerləşdirildikləri ixtisas üzrə təhsil almaqdan imtina etmiş hesab olunacaqlar.
Qəbul olan şəxslər portal.edu.az platformasında qeydiyyatdan keçdikdən sonra 26 avqust–2 sentyabr 2026-cı il tarixlərində tələb olunan sənədlərin əslini şəxsən təqdim etməlidirlər.
Azərbaycan vətəndaşları şəxsiyyət vəsiqəsini, əcnəbilər pasport və/və ya icazə vəsiqəsini, vətəndaşlığı olmayan şəxslər isə müvafiq sənədləri təqdim etməlidirlər.
Bundan əlavə, əsas (baza ali) tibb təhsili haqqında sənəd, xaricdə təhsil alanlar üçün isə ixtisasın tanınmasını və ekvivalentliyini təsdiq edən sənədlər tələb olunur.
Sənədlərin qəbulu Azərbaycan Tibb Universitetinin 5-ci korpusunda yerləşən İmtahan Mərkəzində (VTM) aşağıdakı tarixlərdə aparılacaq:
- 26 avqust – Azərbaycan Tibb Universiteti;
- 27 avqust – K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu;
- 28 avqust – bir sıra Bakı tibb müəssisələri, o cümlədən Milli Oftalmologiya Mərkəzi, Milli Onkologiya Mərkəzi, Bakı Sağlamlıq Mərkəzi və Gəncə Müalicə Diaqnostika Mərkəzi;
- 31 avqust – Gəncə və Bakıdakı digər tibb müəssisələri, o cümlədən Silahlı Qüvvələrin Baş Klinik Hospitalı, Yeni Klinika, Respublika Neyrocərrahiyyə Xəstəxanası və Respublika Klinik Xəstəxanası;
- 1 sentyabr – İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı.
Sənədlərin qəbulu əsasən 10:00-dan 15:00-dək, 2 sentyabr tarixində isə 10:00-dan 13:00-dək həyata keçiriləcək.
İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında qeydiyyat 2 sentyabrda Bakı şəhəri, Hüseyn Cavid prospekti 1 ünvanında aparılacaq.
Bakı 



