• Bakı C

    3.69 m/s

  • USD - 1.7

    EUR - 1.7385

    RUB - 1.7226

Sənədsiz evi olanların NƏZƏRİNƏ: Bu halda tikililərə ÇIXARIŞ VERİLMİR

CƏMİYYƏT

03 Fevral 2025 | 14:50

Sənədsiz evi olanların NƏZƏRİNƏ: Bu halda tikililərə ÇIXARIŞ VERİLMİR

Azərbaycanda uzun müddətdir ki, sənədsiz evlərlə bağlı problem öz həllini tapa bilmir. Ölkəımizdə ümumilikdə 1 milyona yaxın sənədsiz evin olduğu bildirilir.

Ötən il ölkə başçısının müvafiq fərmanına əsasən, mövcud problemin aradan qaldırılması üçün aidiyyəti dövlət orqanlarının əlaqələndirilmiş fəaliyyəti çərçivəsində müvafiq layihələrin hazırlanması üçün işçi qrupu yaradılıb. İlkin addım kimi həmin tikililərin təyin olunaraq dövlət qeydiyyatına alınması nəzərdə tutulub. Bu məqsədlə yeni elektron portalın 2024-cü ilin sonunadək vətəndaşların istifadəsinə veriləcəyi gözlənilirdi. Məlumata görə, sistemin istifadəyə verilməsi daşınmaz əmlakla bağlı əməliyyatların vahid portal üzərindən aparılmasına, müraciətin elektron qaydada edilməsinə və icra vəziyyətinin izlənilməsinə imkan verəcək.

Göründüyü kimi, sənədsiz evlərlə bağlı müvafiq addımlar atılsa da, problemin öz həllini tapması uzanır.

Maraqlıdır ki, bu problemin uzanmasının səbəbləri nədir?

Razi Nurullayev: Məsələnin daha da uzanmasının qarşısını almaq, problemlərə baxış keçirmək vacibdir

Mövzu ilə bağlı deputat Razi Nurullayev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, sənədsiz evlərlə bağlı ən böyük problem bu sahədə aparılan işin ləng getməsidir. Onun sözlərinə görə, işlər aparılır, amma məlumatlar çox qısqanc şəkildə verilir:

“Heç kim bilmir ki, vəziyyət hansı səviyyədədir və nə zaman yekunlaşacaq. Problemin həlli istiqamətində iştirakçılıq səviyyəsi məlum deyil. Prosesə kimlərin cəlb olunması, ictimaiyyət nümayəndələrinin iştirak edib-etməməsi və buna bənzər suallar açıq qalıb. Problem çox böyükdür. Ona görə də parlamentin bugünkü iclasında sənədlərlə bağlı çıxışım aidiyyatı qurumlara kömək təklifi kimi dəyərləndirilməlidir. Təkrar qeyd edirəm ki, məsələnin daha da uzanmasının qarşısını almaq, mövcud problemlərə baxış keçirmək və aidiyyatı dövlət orqanları ilə birlikdə işləmək vacibdir".

Elnur Fərzəliyev: Çıxarışın verilməsi bütün yaşayış evlərinə şamil olunmayacaq

Sənədsiz evlərlə bağlı problemin Sovet dövründən qaynaqlandığını qeyd edən əmlak eksperti Elnur Fərzəliyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Bakıətrafı ərazilərdə tikilən fərdi yaşayış evlərinin kökündə olan əsas problem həmin evlərin ilkin sənədlərinin qaydasında olmamısıdır.

"Ölkəmizdə sənədsiz evlərlə bağlı problemin kökü Sovet dövrünə bağlıdır. O dövrdə paytaxt Bakı şəhərində və digər iri şəhərlərimizdə çıxarışı olmayan və ya mülkiyyət hüququ verilməyən çox böyük yaşayış massivləri var idi. Buna Yasamal, Papanin, Alatava, Sovetski və digər Bakıətrafı ərazilərdəki yaşayış massivlərini misal çəkmək olar. Bu ərazilərdəki evlərin çıxarışı olmadığına görə müstəqillik qazanandan sonra sənədsiz evlər siyahısı daha da genişləndi.

Hazırkı qanunvericiliyə əsasən, fərdi yaşayış evinin tikintisi üçün mütləq şəkildə torpaq sahəsi olunur. Həmin torpaq sahəsinin isə çıxarışı olmalı və çıxarışda təyinatı yaşayış təyinatı kimi qeyd olunmalıdır. Əgər həmin çıxarış yoxdursa, tikintiyə icazə verilmir. Çıxarışda təyinat yaşayış məntəqəsi deyil, kənd təsərrüfatı və ya başqa təyinatlı torpaq kimi göstərilibsə, bu cür torpaqlar üzərində inşa edilən tikililərə çıxarış verilmir".

Ekspert vurğulayıb ki, hər il sənədsiz evlərə çıxarışın verilməsi ilə bağlı mütəmadi olaraq məlumatlar yayımlansa da, gözəçarpan ciddi addımlar atılmayıb:

"Bütün hallarda əmlak xidmətlərində və dövlət qurumlarında bu problemlə bağlı müəyyən işlər görülür. Ümid edirəm ki, yaxın vaxtlarda sənədsiz evlərlə bağlı problemin bir hissəsi aradan qaldırılacaq”.

“Çıxarışın verilməsi bütün yaşayış evlərinə şamil olunmayacaq. Çünki qadağan olunmuş ərazilərdə tikilən fərdi yaşayış evləri var ki, heç bir halda qanunla yaşayış təyinatlı ola bilməz", - deyə Elnur Fərzəliyev qeyd edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR