Bəzi ünvanlarda kəsim məntəqələri olmadığı üçün həmin yerlərdə səyyar formalı çadır tipli kəsim məntəqələrindən istifadə olunacaq.
Bakəıvaxtı.az xəbər verir ki, bunu Respublikanın baş dövlət baytarlıq müfəttişi, AQTA-nın şöbə müdiri Qalib Əbdüləliyev jurnalistlərə açıqlamasında deyib.
Şöbə müdiri bildirib ki, bu məntəqələr Zəngilan, Cəbrayıl, Füzuli, Şuşa, Ağdərə, Babək, Şərur və Ordubad rayonlarında, eyni zamanda Bakı şəhərində iki yerdə və Qubada yaradılacaq:
"Eyni zamanda vətəndaşlar supermarketlər şəbəkəsindən də qurbanlıq heyvanlarla təchizat xidməti olacaq. Respublikada 16 ünvanda bu işlər həyata keçiriləcəkdir. Bunun üçün əlaqədar qurumların iştirakı ilə işçi qruplar yaradılıb. Bu işçi qrupların nəzarəti ilə həmin ünvanlara daxil olan heyvanlar həkim müayinəsindən keçiriləndən sonra kəsimə buraxılacaq. Heyvan kəsildikdən sonra mütləq onun baytar ekspertizası aparılacaq və sifariş üzrə təqdim olunacaq”.
Q.Əbdüləliyev vətəndaşlara tövsiyyə ilə çıxış edib:
“Sıxlıq yaranmaması, bütün prosedurların normal həyata keçirilməsi üçün iki gün müddətindən tam istifadə etmək lazımdır. Təcrübə göstərir ki, bayramın birinci gününün birinci yarısında daha çox təşəbbüslər olur. Aidiyyəti qurumlar tərəfindən yaranan tullantıların toplanması, kənarlaşdırılması, onların idarə olunması, eyni zamanda son təmizləmə və dezinfeksiya işlərinin aparılması həyata keçiriləcək”.