• Bakı 20° C

    1.51 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

Süni qiymət artımının qarşısını necə almalı? - Deputatdan TƏKLİF

CƏMİYYƏT

31 Mart 2023 | 14:10

Süni qiymət artımının qarşısını necə almalı? - Deputatdan TƏKLİF

“Bilirsiniz ki, zaman-zaman süni qiymət artımı ilə bağlı narazılığımızı Milli Məclisdə bildirmişik. Xüsusən, ərzaq məhsulları və dərman vasitələrinin qiymətlərinin artması, həqiqətən çox narahatedici haldır”.

Bunu Bakıvaxtı.az-a Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli bildirib.

Onun sözlərinə görə, bunun üçün dəfələrlə yol göstərilib:

“İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti var. Bundan əlavə, Nazirliyin xüsusi idarəedici şöbələri mövcuddur. Onlar reydlər keçirməlidir. Qeyd edim ki, sözügedən qurumlar reydlər keçirir və qanundankənar hallarla rastlaşırlar. Əgər qiymət artımı hələ də davam edirsə, deməli effektiv iş görülmür”.

T.Kərimli deyib ki, bu məsələlərin qarşısı çox ciddi şəkildə alınmalıdır. Deputat qeyd edib ki, hamısı da korrupsiya və inhisarçılıqla bağlıdır. “Əlbəttə ki, ölkədə bir malın istehsalına imkan yaradılsa və ya insanların xaricdən məhsul gətirməyinə icazə verilsə, ucuzluq olar. Amma inhisarçılar qoymurlar axı!”

Müsahibimiz bildirib ki, ona görə də, belə halda qiymət artımı labüd olur və qarşısını almaq mümkün olmur:

“Prezident tapşırır ki, süni qiymət artımının qarşısını alın. Axı bir insan eyni anda hər şeyə nəzarət edə bilməz. Məmurlar bu işlərə vicdanla yanaşmalıdır. Süni qiymət artımı edənlər cəzalandırılmalıdır. Daha onlar tutulub rüşvət alınıb buraxılacaqsa, əlbəttə, onlar öz işlərinə davam edəcək”.

Onun sözlərinə görə, bu sahədə çox ciddi islahatlar aparılmalıdır:

“Birinci növbədə, inhisarçılıq aradan qaldırılmalıdır ki, insanlar istehsal və ticarət sahəsində sərbəst fəaliyyət göstərə bilsin və onların üstündə mütərəqqi vergi siyasəti olsun. Mən çıxış yolunu bunda görürəm”.

Nuranə Daxilqızı


SON XƏBƏRLƏR