Suriyada təhlükəsizlik qüvvələri ilə Bəşər Əsəd tərəfdarları arasında baş verən toqquşmalarda ölənlərin sayı 1000 nəfəri keçib.
Məlumata görə, onların 745 nəfəri dinc sakin, 148 nəfəri isə hökumət əleyhdarlarıdır. Ölənlər arasında qadın və uşaqların da yer aldığı bildirilsə də, onların sayı barədə məlumat verilmir.
Maraqlıdır ki, Suriyada nə vaxtsa dincliyin olması mümkündürmü?
Mövzu ilə bağlı politoloq Əhəd Məmmədli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Suriyada dinc əhalinin kütləvi şəkildə öldürülməsi bu ölkənin ərazi bütövlüyünü dəstəkləməyən dövlətlərin yaydığı təbliğatın nəticəsidir:
"Suriyada bir separat bölgə var. Həmin bölgədəki qüvvələr xarici dövlətlərin dəstəyi ilə ayağa qalxıb və qanunsuz olaraq rəsmi dövlətə qarşı addımlar atılır. Ona görə də Suriya hökuməti həmin qüvvələrin qarşısını alır. Suriya Lakatiyada müstəqil dövlətin qurulmasına icazə verməməlidir. Sadəcə olaraq İran, İsrail və Suriyanın ərazi bütövlüyünü dağıtmaq istəyən qüvvələr yanlış təbliğat həyata keçirməklə, Suriyadakı vəziyyətin kritik olduğunu göstərməyə çalışırlar. Azərbaycan mediası Suriyanın bu cür təbliğatında yer almamalıdır".
Əhəd Məmmədli: Bəzi qüvvələr Suriyadakı vəziyyətin kritik olduğunu göstərməyə çalışırlar
Ə.Məmmədlinin fikrincə, dinc əhalinin öldürülməsi ilə bağlı informasiyalar fonunda İran və İsrail birləşərək Türkiyənin Suriyada güclənməsinə qarşı bir provakasiya təşkil edib.
Müsahibimiz qeyd edib ki, Suriyada məzhəb qarşıdurması getmir və insanlara qarşı qətliam törədilmir. Yalnız dövlətə qarşı çıxan qüvvələrə qarşı əməliyyat aparılır. Bu əməliyyat doğru addımdır.
“Türkiyənin Suriyada güclənməsi və ərazi bütövlüyünün zamanla bərpa olunması İran, İsrail və Rusiyanı narahat edir", - deyə Əhəd Məmmədli vurğulayıb.
Gülşən Şərif