Yeni Azərbaycan Partiyasının sədr müavini Tahir Budaqov MDB PA-nın uzunmüddətli müşahidə missiyasının üzvləri ilə görüşüb.
Bakıvaxtı.az partiyaya istinadən xəbər verir ki, görüşdə MDB PA-nın uzunmüddətli müşahidə missiyasının tərkibi və fəaliyyəti haqqında məlumat verilib, missiyanın işini dövlətlərin suverenliyinə hörmət və daxili işlərinə qarışmama, obyektivlik və qərəzsizlik prinsipləri, həmçinin MDB-yə üzv dövlətlərdə demokratik seçkilərin standartları, seçki hüquq və azadlıqları haqqında Konvensiya əsasında qurulduğu deyilib.
Tahir Budaqov öz çıxışında Azərbaycanın demokratik seçki təcrübəsinə malik olduğunu, qarşıdan gələn parlament seçkilərinin də ədalətli, şəffaf və demokratik keçirilməsi üçün zəruri şəraitin təmin edildiyini bildirib.
Yeni Azərbaycan Partiyasının seçkilərə hazırlıqla bağlı fəaliyyətini ölkənin seçki qanunvericiliyi və partiyanın İdarə Heyətinin 2024-cü il iyulun 3-də baş tutan iclasında qəbul etdiyi Tədbirlər Planı əsasında ardıcıl və sistemli şəkildə həyata keçirdiyini bildirib.
Sonda YAP Sədrinin müavini müşahidə missiyası üzvlərinin ölkədəki seçki mühiti, partiyanın seçkilərə hazırlıq tədbirləri və bir sıra digər məsələlər barədə suallarını cavablandırıb, missiyanın fəaliyyətinə uğurlar arzulayıb.