Talassemiyalı uşaqların müalicəsi üçün ayrılan pulları ələ keçirməkdə təqsirləndirilən şirkət rəhbəri Nuridə Seyidova və onunla birlikdə mühakimə olunan Aynur Bayramova və Aysel Məmmədovanın məhkəməsinə tanınmış həkimlər gəlib.
Bakıvaxtı.az “Qafqazinfo”nun məlumatına görə, Mərkəzi Gömrük Hospitalının cərrahı Mir Cəlal Kazımi, hadisə baş verən vaxt Talassemiya Mərkəzinin baş həkimi işləmiş Xuraman Cəfərova prosesdə ifadə verəcəklər.
Onlar təqsirləndirilən şəxslər və zərərçəkmişlərin vəsatəti əsasında məhkəməyə çağırılıblar. Cinayət işini araşdıran hakim Azad Məcidov şahidlərin dindirilməsini zəruri hesab edib.
Proses bir azdan başlayacaq.
Zərərçəkmişlər ifadələrində deyiblər ki, onları təqsirləndirilən şəxslərin yanına Mir Cəlal Kazımi göndərib. X.Cəfərova da bu işlərdən xəbərdar olub.
Qeyd edək ki, Nuridə Seyidova “Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi, A.Bayramova və A.Məmmədova isə işçiləridir. İş üzrə 36 nəfər zərərçəkmişə 1 milyon manata yaxın zərər dəyib.