ABŞ-nin Aeronavtika və Kosmos Agentliyi (NASA) DART (Double Asteroid Redirection Test) missiyası çərçivəsində ilk dəfə bir asteroidin trayektoriyasını dəyişməyə müvəffəq olunub. Bu, Yer kürəsini gələcəkdə potensial təhlükə yarada biləcək asteroidlərdən qorumağa kömək edəcək.
Bu barədə Bakıvaxtı.az-a Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Qeyd olunub ki, 2022-ci il sentyabrın 27-də yerli vaxtla saat 03:14-də 507 kiloqramlıq kosmik zond saatda 22 min 530 kilometr sürətlə təyin olunmuş asteroidlə toqquşmuş və missiyanın ilk mərhələsi uğurla tamamlanmışdı.
NASA DART kosmik zondunun Didimosun peyki olan Dimorfos asteroidi ilə toqquşmasından sonra toplanan məlumatlarla bağlı 2026-cı ilin mart ayına olan hesabatları açıqlayıb. Müşahidə materailları göstərir ki, Didimos asteroidinin Günəş ətrafındakı orbiti uğurla dəyişdirilib. Daha əvvəl Dimorfosun Didimos ətrafında periodu 11 saat 52 dəqiqə idi. Lakin DART toqquşmasından sonra bu müddət 11 saat 23 dəqiqəyə endirilib. Bu dəyişiklik kiçik olsa da, kinetik toqquşma metodunun asteroidin orbitini dəyişdirməkdə effektiv olduğunu göstərir.
Qeyd edək ki, bu, insanların səma cisminin hərəkətini dəyişdirdiyi ilk haldır. DART missiyası bir gün Yer üçün təhlükə yarada biləcək asteroidlərin yolunu dəyişmək üçün istifadə edilə biləcək texnologiyanın sınağıdır və bu sınaq uğurlu oldu.
Didimos asteroidi Yer üçün Potensial təhlükəli asteroid deyil və asteroid qurşağında hərəkət edir. Lakin Yerətrafı orbitdə Yer üçün potensial təhlükəli asteroidlərin sayı 2000-dən çoxdur. Potensial təhlükəli asteroidlər toqquşma ehtimalı 1 faizdən çox, ölçüsü 140 metrdən böyük olan asteroidlər hesab olunur. Belə asteroidlər Yerlə toqquşarsa, qlobal fəlakətə səbəb ola bilər. Bu asteroidlər daim monitorinq olunur. Təhlükəli hesab edilən asteroidlərin cari vəziyyətini “Sentry və Risk List” bazaları üzərindən izləmək olar. Dimorfos asteroidinin diametri təxminən 160–170 metr təşkil edir ki, bu da planet müdafiəsi ssenarilərində nəzərə alınan ölçü diapazonuna uyğun obyektlərdən biridir. Məhz bu səbəbdən sınaq obyekti kimi Dimorfos asteroidindən istifadə edilib.
Alimlər asteroidlərin fiziki xüsusiyyətlərini daha yaxşı anlamaq və bu istiqamətdə üsulları optimallaşdırmaq üçün missiya zamanı toplanan məlumatları təhlil etməyə davam edirlər. Gələcəkdə NASA bu təcrübədən daha effektiv planet müdafiə sistemləri inkişaf etdirmək üçün istifadə etməyi planlaşdırır.
Bakı 






