• Bakı 29° C

    1.07 m/s

  • USD - 1.7

    EUR - 1.9409

    RUB - 2.1107

TASS-ın termin "CIĞALLIĞ"ı - bir adla oynayıb,geri çəkildilər...

SİYASƏT

01 Avqust 2025 | 13:45

TASS-ın termin CIĞALLIĞı - bir adla oynayıb, geri çəkildilər...

Son zamanlar Rusiya mətbuatında və bəzi rəsmi dairələrində Azərbaycana qarşı məqsədli və ardıcıl informasiya təxribatları müşahidə olunur. İstər xəbər başlıqlarında, istər siyasi ritorikada, istərsə də yer adlarının təhrifli təqdimində bu cür addımların təsadüfi deyil, planlı və yönəlik xarakter daşıdığı aydın görünür.

Xüsusilə TASS agentliyinin “Xankəndi” əvəzinə “Stepanakert” adını işlətməsi, bu tendensiyanın son və diqqətçəkən nümunələrindən biridir. Problemli məsələ coğrafi yanlışlıqdan əlavə,  informasiya vasitəsilə siyasi mövqe bildirmək, Azərbaycanın ərazi bütövlüyünə dolayısıyla etiraz etmək cəhdidir.

Amma hər sözə cavab var. Rəsmi Bakı bu dəfə də susmadı. Azərbaycanın Xarici İşlər Nazirliyi və aidiyyəti qurumların sərt və vaxtında verdiyi reaksiya nəticəsində TASS agentliyi geri addım atmağa məcbur oldu və xəbər sərlövhəsində “Stepanakert” ifadəsini “Qarabağ”la əvəzlədi.

Mövzuya Bakıvaxtı.az-la münasibət bildirən Milli Məclisin deputatı Ceyhun Məmmədov bu tip halları təsadüfi yox, sistemli yanaşmanın tərkib hissəsi kimi qiymətləndirir: 

"Təəssüflə qeyd etmək lazımdır ki, son günlər Rusiya mediasının müxtəlif qurumları, mətbuat orqanları, bəzi deputatlar və rəsmi şəxslər tərəfindən ölkəmizə qarşı təxribat xarakterli addımlar müşahidə olunur. Bu cür halların artması Azərbaycan-Rusiya münasibətlərində gərginliyin və mürəkkəbliyin dərinləşməsinə səbəb olur".

Ceyhun Məmmədov: Bu məsələ son dərəcə həssasdır

Onun sözlərinə görə, ortada açıq şəkildə məqsədli bir informasiya təxribatı var və bu, Azərbaycana qarşı yönəlmiş növbəti addım kimi qiymətləndirilməlidir:

"Sevindirici haldır ki, Azərbaycan bu məsələdə qəti və prinsipial mövqe nümayiş etdirdi. Xarici İşlər Nazirliyi rəsmi şəkildə iradını bildirdi və haqlı etirazını ortaya qoydu. Əsas diqqət edilməli məqamlardan biri budur ki, bu cür addımlar çox vaxt təsadüfi deyil, məqsədli şəkildə həyata keçirilir və arxasında konkret niyyət dayanır. Azərbaycanın cavabı həm sərt, həm də yerində oldu".

Parlamentari vurğulayıb ki, gözlənildiyi kimi, bu mövqe nəticə verdi və Rusiya tərəfi müəyyən geri addım atdı. Belə ki, TASS agentliyi daha əvvəl sərlövhədə istifadə etdiyi “Stepanakert” adını dəyişərək “Qarabağ” ifadəsini işlətdi:

"Bu, rəsmi Bakının xəbərdarlığının təsirli olduğunu göstərir. Bu məsələ son dərəcə həssasdır və Azərbaycanın bu cür situasiyalara hər zaman olduğu kimi ciddi və prinsipial yanaşması davam edəcək",- Ceyhun Məmmədov fikrini yekunlaşdırıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR

01 Avqust 2025