Bakı-Tbilisi sərnişin qatarının fəaliyyətə başlamasından sonra biletlərin əlçatanlığı və qiymətləri ilə bağlı ictimai müzakirələr davam edir. Xüsusilə Tbilisidən Bakıya geri dönüş biletlərinin tapılmaması sərnişinlər arasında narazılıq yaradır.
Bakıvaxtı.az xəbər verir ki, Globalinfo.az məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli ilə müsahibə aparıb.
Natiq Cəfərli bildirib ki, qatarın fəaliyyətə başlaması müsbət hal olsa da, qiymətlər və biletlərin əlçatanlığı ilə bağlı gözləntilər tam doğrulmayıb.
Onun sözlərinə görə, əsas problem bilet satışının təşkilindən daha çox, tələbatın yüksək, bilet sayının isə məhdud olmasıdır.
İqtisadçı qeyd edib ki, hazırda yay mövsümü ilə əlaqədar Bakı-Tbilisi istiqamətində tələbat xüsusilə yüksəkdir. Onun fikrincə, sentyabrın ortalarından sonra sərnişin axınında müəyyən azalma ola və biletlərin əlçatanlığı arta bilər.
Cəfərli qiymətlərin formalaşmasında tələb və təklif amilinin əsas rol oynadığını vurğulayıb. O, Azərbaycan Dəmir Yollarının bu istiqamətdə faktiki olaraq inhisarçı mövqedə olduğunu da qeyd edib.
İqtisadçı Tbilisidən Bakıya geri dönüş biletlərinin tapılmaması ilə bağlı iddiaların isə araşdırılmasının vacib olduğunu bildirib. Onun sözlərinə görə, əgər biletlərin əvvəlcədən kütləvi şəkildə alınaraq sonradan baha qiymətə satılması mümkündürsə, bunun qarşısı alınmalıdır.
Cəfərli hesab edir ki, Azərbaycan Dəmir Yolları bilet satış mexanizmi, biletlərin fərdi qaydada rəsmiləşdirilməsi və onların topdan alınmasının mümkün olub-olmaması barədə ictimaiyyətə aydın məlumat verməlidir.
İqtisadçı həmçinin məsələnin Gürcüstan tərəfinin Azərbaycanla münasibətlərində hər hansı nüfuz və şəxsi əlaqə problemi ilə bağlı olduğunu düşünmədiyini deyib. O vurğulayıb ki, Gürcüstan Dəmir Yollarının özü də əlavə reyslərin və vaqonların artırılmasında maraqlıdır.
Cəfərlinin fikrincə, mövcud problemlər Azərbaycan və Gürcüstan tərəfləri arasında danışıqlar yolu ilə həll edilə bilər.
Bakı 



