Xəbər verdiyimiz kimi, Biləsuvar rayonunda fərdi yaşayış evində internet modeminin alışması nəticəsində yanğın baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Bəydili kəndində, 1975-ci il təvəllüdlü Eyvazov Elşad Aydın oğluna məxsus ümumi sahəsi 64 kv.m olan birmərtəbəli 4 otaqlı evdə qeydə alınıb.
Maraqlıdır, hansı qaydalara riayet etmək lazımdır ki, belə bədbəxt hadisələr baş verməsin?
Elmar Nurəliyev, təhlükəsizlik məsələləri üzrə ekspert
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirib ki, nəinki internet modemi, istənilən məişət avadanlığı, elektron vasitələr nəzarətsiz qalmamalıdır.
Ekspert qeyd edib ki, əgər avadanlıqlar istifadə olunmursa, mütləq cərəyandan ayrılmalı və yanğın təhlükəsizliyinə dair tələblərə mütləq riayət etmək lazımdır.
E.Nurəliyevin sözlərinə görə, hər hansı nasaz vəziyyətdə olan istər modem, istərsə də digər məişət cihazları, izolyasiyasının pozulması, elektrik kabellərində baş verən nasazlıq və yaxud da nasazlıq baş verdikdən sonra təmir olunan ancaq düzgün olunmayan izolyasiya yanğın riskini yaradan amillərdir:
“Çünki onlar uzun müddət cərəyanda qalarsa, nəzarətsiz olarsa, qızma, qısapanma, alışma yanğına gətirib çıxara bilər. Ona görə də mütləq istər qısamüddətli, istər uzunmüddətli evi tərk edərkən cərəyandan ayırmaq lazımdır”.
Mina Mikayılova