İranda iqtisadi böhran və hərbi gərginliyin dərinləşməsi fonunda rejim yeni kütləvi etiraz dalğasının başlamasından ciddi narahatlıq keçirir.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, İnqilab Keşikçiləri Korpusuna (SEPAH) bağlı "Bəsic" yarımhərbi qüvvələrinin rəhbərliyinə ait sızdırılan səs yazısı rejimin həm yeni nümayişlərdən, həm də nümayişləri yatıran əməkdaşların kimliklərinin internetdə ifşa olunmasından təşvişə düşdüyünü üzə çıxarıb.
Mövcud narahatlığı gücləndirən əsas məqamlardan biri də 2009-cu il "Yaşıl Hərəkatı" və digər etirazların yatırılmasında təcrübəsi olan sabiq kəşfiyyat rəhbəri Hüseyn Taebin avqust ayında yenidən "Bəsic" komandanlığına gətirilməsidir. Ekspertlər bu təyinatı Tehranın diqqətini xarici cəbhədən daxili təhlükəsizliyə yönəltdiyinin bariz göstəricisi kimi qiymətləndirirlər.
Hərbi gərginliklə yanaşı, 2026-cı ildə rekord həddə çatan inflyasiya və riyalın kəskin dəyər itirməsi əhalinin alıcılıq qabiliyyətini sıfıra endirib. İqtisadi böhranın dərinləşməsi rejimi təkcə xarici təzyiqlərlə deyil, həm də daxildən gələ biləcək kütləvi xalq üsyanı riski ilə üz-üzə qoyub.
Zeynəb Rzayeva




