“Qüvvədə olan qanunvericiliyə əsasən, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sisteminə daxil olan uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində, eləcə də digər analoji dövlət təhsil müəssisələrində çalışan təhsilverənlərin peşə yararlılığı attestasiya yolu ilə qiymətləndirilir”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü iclasında Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı deputat Anar İsgəndərov deyib.
Onun sözlərinə görə, mövcud praktikada attestasiya əsasən şifahi formada həyata keçirilir:
"Nəticələr sənədləşdirilmiş protokollarla təsdiqlənsə də, qiymətləndirmə yazılı və test mexanizmlərinə əsaslanmır. Qiymətləndirmə meyarlarının dəqiq və ölçülə bilən olmaması subyektiv yanaşma riskini artırır, obyektivliyin və şəffaflığın tam təmin olunmasına mane olur. Eyni zamanda, bu hal məhkəmə mübahisələri zamanı aydın və ölçülə bilən hüquqi əsasların formalaşmasını çətinləşdirir. Şifahi attestasiya prosesinin təşkili əlavə maliyyə və inzibati yük yaradır və dövlət vəsaitindən səmərəli istifadə prinsipinə tam cavab vermir".
Deputat vurğulayıb ki, yeni qanun layihəsinə əsasən, Mədəniyyət Nazirliyinin sisteminə daxil olan həmin təhsil müəssisələrində çalışan təhsilverənlərin nəzəri bilikləri, təcrübəsi və peşə yararlılığı artıq attestasiya yolu ilə deyil, Elm və Təhsil Nazirliyində tətbiq olunan mexanizmə uyğun olaraq sertifikatlaşdırma imtahanı vasitəsilə qiymətləndiriləcək:
"Sertifikatlaşdırma imtahanının tətbiqi qiymətləndirmə prosesinin şəffaflığını və obyektivliyini artıracaq, nəticələrin etibarlılığını təmin edəcək, həmçinin təhsil müəssisələrinin inkişafına və təhsilin keyfiyyət səviyyəsinin yüksəldilməsinə xidmət edəcəkdir".
Əli Hüseynov
Bakı 




