Yaşar Adil oğlu Ömərov Azərbaycan Texnologiya Universitetinin rektoru təyin edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Bakıvaxtı.az yeni rektorun dosyesini təqdim edir.
Yaşar Adil oğlu Ömərov, 1 dekabr 1977-ci ildə Bakı şəhərində anadan olub.
Yasamal rayonu 52 nömrəli tam orta məktəbi bitirdikdən sonra 1995-ci ildə Bakı Dövlət Universitetinin (BDU) bakalavriat səviyyəsinin “Biokimya” ixtisasına qəbul olub və 1999-cu ildə həmin ixtisas üzrə bitirib. 1999-2001-ci illərdə təhsilini BDU-nun magistraturasında eyni ixtisas üzrə davam etdirib. 2001-ci ildə BDU-nun aspiranturasına qəbul olmuş, 2007-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək biologiya üzrə elmlər namizədi elmi dərəcəsini alıb.
Əmək fəaliyyətinə 1999-cu ildə BDU-nun Biologiya fakültəsinin Biokimya və biotexnologiya kafedrasında laborant vəzifəsində başlayıb. 2001-2014-cü illərdə həmin fakültədə baş laborant, laboratoriya müdiri, müəllim, dosent və dekan müavini vəzifələrində çalışıb. 2014-cü ildən başlayaraq əmək fəaliyyətini Azərbaycan Respublikasının Təhsil Nazirliyində davam etdirib və Nazirliyin Elm, ali və orta ixtisas təhsili şöbəsində aparıcı və baş məsləhətçi vəzifələrində çalışıb. 2019-cu ildən hal- hazıradək Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsində Ali, orta ixtisas və əlavə təhsil sektorunun müdiri vəzifəsində çalışıb.
2021-ci ilin iyulundan başlayaraq Y.Ömərov Azərbaycan Texnologiya Universitetində elm və innovasiya məsələləri üzrə prorektor və sonradan tədris işləri üzrə prorektor səlahiyyətlərini icra edib.
Azərbaycan Respublikası Təhsil nazirinin 25.07.2022-ci il tarixli əmri ilə Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsi Yaşar Ömərova həvalə edilib.
YAP-ın üzvüdür.
Murad Məmmədli