“Biz vaxtilə şəhər nəqliyyatını yüngülləşdirmək və tıxacları azaltmaq üçün bir çox böyük layihələr icra etdik. İndi bir çoxlarının yadından bəlkə də çıxıb, xüsusilə gənc nəsil bəlkə də bunu heç bilmir”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri prezident İlham Əliyev yanvarın 7-də yerli telekanallara müsahibəsində deyib.
Dövlətimizin başçısı vaxtilə xeyli problemin olduğunu xatırladıb:
“Vaxtilə nə qədər problemlər var idi, hətta bax, buradan şəhərə getmək üçün, neçə dairə var idi. Mərdəkan dairəsi, Sabunçu dairəsi, Koroğlu dairəsi, ondan sonra Suraxanı dairəsi, hər dairədə tıxac, həmin o aeroport-şəhər yolu, cəmi dörd zolaq, əslində, üç zolaqdan ibarət idi. İkinci, yəni beton yolu adlandırdığımız yol, ümumiyyətlə, yox idi. Bunları sadalamaqla vaxt gedə bilər. Ona görə vaxtilə bir çox tunellər, yol qovşaqları inşa edildi. Amma indi biz görürük ki, yenə də nəqliyyat vasitələrinin sayı artır, insanlar daha çox maşın alır, iqtisadi fəallıq artır. Yenə də şəhər tıxaclarda boğulmağa başlamışdır”.
Prezident diqqətə çatdırıb ki, onun tərəfimdən bu məsələ də tapşırıq kimi verilib və indi Baş plan faktiki olaraq hazırlanıb. Dövlətimizin başçısı bildirib ki, burada avtobus nəqliyyatını metro nəqliyyatı ilə uzlaşdırmaq məsələləri dayanır:
“Biz son vaxtlar bir neçə metro stansiyasını istifadəyə verdik. Amma bu, kifayət deyil və mənim göstərişimlə yeni 10 metro stansiyası inşa ediləcək. Onların yerləri də seçildi və bu ildən başlayaraq artıq investisiyalar da qoyulacaq. Bununla bərabər, yeni yol infrastruktur layihələrini Bakı şəhərində icra etmək üçün artıq ilk 7-8 layihə seçildi. Beynəlxalq mütəxəssislər cəlb edildi. Biz hansı yollara üstünlük verməliyik. Bəzən yeni yol açılır, amma o, tıxacın azalmasına yox, artmasına gətirib çıxarır. Yəni, burada beynəlxalq təcrübə çox vacibdir və bu məsələ də mütləq öz həllini tapacaq”.
Ümumiyyətlə, paytaxta tıxacın qarşısını hansı üsullarla almaq olar?
Yasin Mustafayev, nəqliyyat eksperti
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən nəqliyyat eksperti Yasin Mustafayev bildirib ki, 6 bənövşəyi və 4 yaşıl xəttin inşası planlaşdırılıb.
Onun sözlərinə görə, bu, ictimai nəqliyyatdan istifadə edən şəxslərin şəraitinin yaxşılaşdırılmasını nəzərdə tutur və faydası çox olacaq.
O, ictimai nəqliyyatın işinin optimallaşdırılmasının həyata keçirilməli olduğunu vurğulayıb. Bildirib ki, ictimai nəqliyyat yaxşı işləsə, vətəndaş da görər ki, avtobusla, metro ilə getmək daha sərfəlidir, tıxacda qalmır və zamanını itirmir.
“Eyni zamanda skuterlərin hərəkət etməsi üçün zolaqların yaradılması, avtobus, velosiped zolaqlarının təkmilləşdirilməsi, çoxaldılması, dayanıqlılığının təmin edilməsi kimi işlər həyata keçirilsə əlbəttə ki, tıxacın qarşısı ciddi şəkildə alınar”,- deyə Yasin Mustafayev əlavə edib.
Mina Mikayılova