Qazaxıstanda neft hasilatı dörd dəfə artıb və yaxın vaxtlarda ildə 100 milyon ton həddinə çatacaq.
Bakıvaxtı.az-ın Qazaxıstan Prezidentinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu prezident Kasım-Jomart Tokayev bəyan edib.
“Müstəqillik illərində biz qara qızılın bütün dəyərini tam şəkildə dərk etdik. Bu gün isə bu sahə dinamik templərlə inkişaf edir. Qazaxıstan dünya neft bazarında lider mövqelərdən birini tutur, ölkədə neft hasilatı dörd dəfə artıb və yaxın vaxtlarda ildə 100 milyon ton həddinə çatacaq”, – ölkə başçısı qeyd edib.
Kasım-Jomart Tokayev vurğulayıb ki, onun fikrincə, karbohidrogenlər həm dünya energetikasında, həm də Qazaxıstan energetikasında hələ də əsas rol oynayacaq.
Qeyd edək ki, Qazaxıstanda orta hesabla ildə 90–93 milyon ton neft hasil olunur. İyul ayında ölkənin energetika naziri Erlan Akkenjenov bildirib ki, cari ilin yekunlarına görə neft hasilatının 96,2 milyon tona çatacağı gözlənilir.