• Bakı 20° C

    5.76 m/s

  • USD - 1.7

    EUR - 1.9886

    RUB - 2.0473

Türk Dünyası vahid bazara doğru: İqtisadi körpüləri açmaq vaxtıdır

SİYASƏT

08 Oktyabr 2025 | 11:01

Türk Dünyası vahid bazara doğru: İqtisadi körpüləri açmaq vaxtıdır

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr son illərdə iqtisadi inteqrasiyanın dərinləşdirilməsi, xüsusilə də qarşılıqlı ticarət əlaqələrinin asanlaşdırılması istiqamətində ciddi addımlar atmaqdadırlar.

Regionda yeni nəqliyyat və logistika xəritəsinin formalaşdığı, gömrük və vergi siyasətlərində uyğunlaşdırma proseslərinin başladığı bir dövrdə TDT məkanında vahid iqtisadi məkana doğru strateji irəliləyiş müşahidə olunur. Bu kontekstdə ticarət maneələrinin azaldılması, gömrük prosedurlarının sadələşdirilməsi və elektron gömrük sistemlərinin inteqrasiyası təşkilata üzv ölkələrin qarşısında duran əsas məqsədlərdəndir.

Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistan kimi üzv dövlətlər arasında “Sadələşdirilmiş gömrük dəhlizi” təşəbbüsü, eləcə də vahid tarif və elektron sənəd dövriyyəsi mexanizmlərinin tətbiqi, təkcə ticarət həcminin deyil, həm də qarşılıqlı iqtisadi etimadın artmasına xidmət edir. Bununla belə, prosesin qarşısında bir sıra obyektiv çətinliklər də qalır: fərqli texnoloji standartlar, infrastruktur imkanlarının qeyri-bərabərliyi, gömrük və vergi qanunvericiliyindəki uyğunsuzluqlar, eləcə də bəzi ölkələrdə iqtisadiyyatın hələ də xammal ixracına əsaslanması inteqrasiya sürətini məhdudlaşdırır.

Hazırkı mərhələdə əsas diqqət ticarət axınlarının rəqəmsallaşdırılmasına, gömrük sərhədlərində operativliyin artırılmasına və vahid iqtisadi məkanın formalaşdırılması üçün hüquqi-institusional mexanizmlərin uyğunlaşdırılmasına yönəlib.

Gündəmdə əsas sual dayanır: Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında ticarət maneələrinin aradan qaldırılması, “Sadələşdirilmiş gömrük dəhlizi”nin tətbiqi və gömrük sistemlərinin inteqrasiyası prosesləri bu məkanın vahid iqtisadi məkana çevrilməsinə necə təsir göstərə bilər və bu istiqamətdə hansı əsas imkanlar və çağırışlar mövcuddur?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin deputatı, iqtisadçı-alim Vüqar Bayramov bildirib ki, Türk Dövlətləri Təşkilatına  üzv ölkələr arasında ticarət həcminin artırılması bu gün əsas prioritetlərdən biridir:

"Çünki hazırda TDT-yə üzv ölkələrin ümumi ticarət dövriyyəsində artım müşahidə olunur. Yeni mərhələdə məqsəd həm də bu ölkələrin öz aralarındakı ticarət dövriyyəsini genişləndirmək və qarşılıqlı iqtisadi inteqrasiyanı gücləndirməkdən ibarətdir. Son üç ildə TDT-yə üzv ölkələr arasında ticarət əlaqələrinin möhkəmləndirilməsi istiqamətində intensiv işlərin aparıldığı görünür. Bu çərçivədə elektron gömrük sistemlərinin formalaşdırılması, qarşılıqlı vergi və gömrük rüsumlarında güzəştlərin tətbiqi, eləcə də siyasi yaxınlaşmanın iqtisadi əlaqələri təşviq etməsi xüsusi qeyd edilməlidir".

Vüqar Bayramov: Əsas çətinlik ondan ibarətdir ki, TDT üzvlərinin əksəriyyəti daha çox xammal və enerji resursları ixrac edən dövlətlərdir

Onun sözlərinə görə, artıq Azərbaycan və Qazaxıstan beynəlxalq yükdaşımalar üçün vahid tarifin tətbiqi barədə razılıq əldə ediblər. Bununla yanaşı, Azərbaycan, Özbəkistan və Qazaxıstan birgə elektron gömrük sistemi üzərində də işləyirlər. Bütün bunlar ticarət dövriyyəsinin artmasına birbaşa təsir göstərəcək:

"Təbii ki, müəyyən çağırışlar da mövcuddur. Əsas çətinlik ondan ibarətdir ki, TDT-yə üzv ölkələrin əksəriyyəti daha çox xammal və enerji resursları ixrac edən dövlətlərdir. Məsələn, Azərbaycan, Qazaxıstan və Türkmənistan iqtisadiyyatları əsasən təbii ehtiyatlardan asılıdır. Lakin iqtisadiyyatın diversifikasiyası - yəni qeyri-neft və qeyri-xammal sektorlarının inkişafı - ticarət dövriyyəsinin artması üçün mühüm amildir".

Parlament üzvü əlavə edib ki, sadələşdirilmiş gömrük dəhlizlərinin, o cümlədən, elektron gömrük dəhlizlərinin yaradılması bu istiqamətdə atılan vacib addımlardandır. Bu sahədə işlər getdikcə intensivləşir və region üzrə daşınan yüklərin həcminin artmasına, eləcə də TDT ölkələri arasında ticarətin genişlənməsinə səbəb olacaq:

"Prosedurların sadələşdirilməsi həm vaxt itkisinin azaldılmasına, həm də idxal və ixrac xərclərinin minimuma endirilməsinə imkan verir ki, bu da iqtisadi əlaqələrə birbaşa müsbət təsir göstərir. Ümumilikdə, iqtisadi inteqrasiya TDT məkanında siyasi və strateji münasibətlərin də möhkəmlənməsinə töhfə verir. İqtisadi baxımdan daha sıx inteqrasiya olunmuş regionlar, adətən, siyasi baxımdan da daha yaxın əməkdaşlıq nümayiş etdirirlər".

Əli Hüseynov


SON XƏBƏRLƏR

07 Oktyabr 2025