Xəbər verdiyimiz kimi, Türkiyənin bir sıra bölgələrində 7.7-7.6 bal gücündə dağıdıcı zəlzələ baş verib.
Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan da başda olmaqla, dünyanın bir çox ölkələri Türkiyəyə humanitar yardımlar edir.
Gürcüstan parlamenti isə deputatların maaşlarının bir hissəsinin Türkiyəyə yardım üçün göndərilməsinə qərar verib.
Eyni qərarın Azərbaycan parlamentində qəbul olunmasına deputatların münasibəti necə olardı?
.jpg)
Deputat Fazil Mustafa Bakıvaxtı.az-a bildirib ki, bunun üçün xüsusi qərara ehtiyac yoxdur:
“Azərbaycan deputatlarının hamısı maaşlarının əhəmiyyətli hissəsini Türkiyəyə yardım üçün köçürüblər. Bununla yanaşı maddi material və başqa formada yardımları hər bir millət vəkili özünə aid olan istiqamətlərində gerçəkləşdirir. Bu, mənəvi məsələdir. Hər birimiz bu yardımı borc olaraq görürük. Çünki Türkiyə bizim özümüzük. Ona görə də, bu barədə qərar formal xarakter daşıyar, heç mənəvi tərəfinə uyğun gəlməz”.

Deputat Razi Nurullayev isə qeyd edib ki, Azərbaycan parlamenti sədr Sahibə Qafarovanın təşəbbüsü ilə artıq belə bir qərar qəbul edib:
“Bütün deputatlar Türkiyəyə yardım kampaniyasına qoşulub və xeyli generatorların alınıb zəlzələ bölgəsinə göndərilməsi təşkil edilib. Ayrı-ayrılıqda hər bir deputat yardım kampaniyasına qoşulub, özünün şəxsi vəsaiti hesabına ya generator alıb, ya pal-paltar göndərib. Mən ayrıca olaraq da kömək etmişəm. Bundan əlavə, rəhbərlik etdiyim Milli Cəbhə Partiyası da ilk gündən səfərbər olub. Biz Türkiyəyə xeyli yardım toplaya bilmişik. Qeyd edim ki, yalnız millət vəkilləri yox, bütün Milli Məclis üzvləri yardım kampaniyasına qoşulub”.

Deputat Vüqar İsgəndərovun fikrəncə isə Türkiyədə baş verən dağıdıcı zəlzələdən sonra Prezident İlham Əliyevin tapşırığı ilə bütün dövlət və özəl qurumlar səfərbərlik halında öz qardaşının köməyinə çatır:
“Burda Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun fəaliyyətini də xüsusi qeyd etmək lazımdır. Edilən yardımlar xalqımızın öz qardaşına dəstəyinin nümunəsidir. Bizim də çox çətin zamanlarımızda Türkiyə yanımızda olub. O cümlədən, Azərbaycan parlamenti də Sahibə xanım Qafarovanın təşəbbüsü ilə yardım kampaniyasına qoşulub. Bundan əlavə, Milli Məclisin bütün deputat və Aparat işçiləri könüllü olaraq bu yardımları edir. Nə qədər gücümüz, enerjimiz var, qardaşlarımızın yanındayıq. Dost çətin gündə tanınar. Hər iki dövlət bu sınaqdan üzüağ çıxıb. İnanıram ki, Türkiyə bu sınaqdan da mərdliklə çıxacaq. Biz bu problem geridə qoyacağıq”.
Nuranə Daxilqızı







jpg-1678627446.webp)








