Son günlər Türkiyədə bəzi media orqanlarında, eləcə də bir qrup radikal dini kəsimin nümayəndələri tərəfindən Azərbaycan-İsrail dostluq münasibətlərinə qeyri-obyektiv, qərəzli və sağlam olmayan mövqe sərgilənməsi təəssüf doğurur. Təbii ki, Azərbaycanla Türkiyə "bir millət, iki dövlət"dir və bu qardaşlığa heç bir qüvvə xələl gətirə bilməz.
O səbəbdən ilk və son olmayan belə cəhdlər həmişə uğursuz olub və olacaq. Lakin İsrail-HƏMAS müharibəsindən sui-istifadə edərək, Azərbaycana qarşı bəzi qüvvələrin qarayaxma kampaniyası aparması və bəzi dini kəsimi də buna alət etməsi məkrli planların tərkib hissəsi kimi qəbul edilməlidir. Burada radikal dini qrupların canfəşanlığı açıq görünür. Məlumdur ki, onlar Bakını İsrailə neft satmaqda suçlayaraq Azərbaycanı İslam dünyasında gözdən salmağa çalışır. Güya Bakı nefti ilə İsrail tankları Fələstində müsəlmanlara qarşı faciələr törədirlər və s. Azərbaycanvə Türkiyə dostluğunun düşmənləri müxtəlif fantaziyalar uydururlar. İstənilən halda qardaş Türkiyədə bəzi media qurumlarının ya bilərəkdən, ya da fərqində olmadan bu oyunların içində yer almaları üzücüdür. Dünya bazarına neft ixrac edən onlarla ölkə var, İsrail özünə lazım olan nefti başqa ölkələrdən də alır. Ötən il İsrail 117 ölkəyə məhsul ixrac edib, 192 ölkədən isə məhsul alıb. 2024-cü ildə İsrail məhsullarının ən çox ixrac edildiyi 15 ölkə arasında - ABŞ, Çin, Almaniya, İtaliya ilə yanaşı Türkiyə də var. İsrail bu ölkələrdən elektronika və kimyəvi məhsullar, dərman məhsulları, maşınqayırma avadanlıqları və elektronika məhsulları idxal edib. Azərbaycan isə İsrailin idxal və ixrac statistikasında ilk 15-likdə belə deyil. Bu da göstərir ki, Azərbaycan bəzi qruplar tərəfindən məqsədli şəkildə hədəf götürülür. Anlamırlar ki, Azərbaycan-Türkiyə arasında nifaq yaratmaq cəhdləri sadəcə bu iki ölkəyə qarşı deyil, bütövlükdə türk dünyasına yönəlik addımlardır. Ötən gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev də bu məsələyə toxunub və qeyd edib ki, Türkiyənin daxilində üçüncü dövlətlərə xidmət edən qüvvələr var. F.Şəfiyev bildirib ki, məhz həmin qüvvələr Azərbaycan-İsrail münasibətlərini qabardaraq Azərbaycan-Türkiyə münasibətlərini pozmağa çalışırlar: “Türkiyədə bəzi ekspert və siyasətçilər bu meyildən çıxış edirlər. Ona görə də biz türk birliyinə yönələn fikirlərə qarşı daha diqqətli olmalı və onların qarşısını vaxtında almaq üçün əməli addımlar atmalıyıq”.
Nəzərə alaq ki, Azərbaycana qarşı Qərbin silah embarqosu və siyasi basqınlar zamanı İsrail birmənalı Azərbaycanın yanında olub. Digər tərəfdən Azərbaycan Fələstinə dəstəyini əsirgəməyib. Humanitar sahədə yardımlarını davam etdirib. Azərbaycan İsrail-Fələstin probleminin həllinin BMT Nizamnaməsinə uyğun və iki dövlət prinsipi üzərində görür.
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Türkiyə mətbuatı və ictimaiyyəti ilə bağlı açıqlamaları da böyük maraqla qarşılanıb. Onun Azərbaycan-İsrail münasibətlərinin Türkiyə KİV-də fərqli yöndə dəyərləndirilməsinin Bakını məyus etdiyinə dair sözləri və haqlı etirazı ictimaiyyətdə təqdir edilib. H.Hacıyev Türkiyədə bəzi jurnalist dostlara və media nümayəndələrinə səslənib: "Yazırlar ki, Azərbaycan “sionist rejimini” dəstəkləyir, Azərbaycan Qəzzaya və Fələstinə qarşıdır. Ümumiyyətlə belə şeyləri yazmaq qardaş ölkənin jurnalistlərinə yaraşmır. Hər şeydən öncə Azərbaycan 30 il işğaldan əziyyət çəkmiş bir dövlətdir və bu 30 ildə qardaş Türkiyədən başqa bizə heç kim dəstək vermədi. Bizə Avropada silah embarqosu tətbiq edildi, bu embarqo zamanı İsrail bizə silah satıb, biz bunu gizlətmirik və bundan qorxmuruq. İsrailin satdığı silahların isə pulunu verib almışıq. Lakin məsələ yalnız silah deyil. Azərbaycan türk ənənələrinə uyğun olaraq Osmanlıda olduğu kimi hər zaman zülm görən xalqlara qarşı öz evini açıb, onlarla öz çörəyini bölüşüb. Sovetlər dağıldıqdan sonra yəhudilərin bir qismi İsrailə getdilər və Azərbaycan ilə İsrail arasında bir könül bağı qurdular, bizim həqiqətlərə hər zaman dəstək oldular”.
Elxan Şahinoğlu, "Atlas"Araşdırmalar Mərkəzinin rəhbəri
"Atlas"Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Bakivaxtı.az"a deyib ki, Azərbaycanın müxtəlif ölkələrlə münasibətləri, ittifaqı, tərəfdaşlığı hansısa üçüncü ölkəyə qarşı yönəlməyib. Ekspert vurğulayıb ki, ən yaxın müttəfiqimiz olan Türkiyə ilə Azərbaycanın ittifaqı da heç kimə qarşı deyil:
"O cümlədən Azərbaycan-Türkiyə-Pakistan müttəfiqliyi də birbaşa hansısa ölkəyə qarşı deyil. İttihamlar səslənirdi ki, niyə Azərbaycan İsraillə əməkdaşlıq edir və s?! Həmin qüvvələrin diqqətinə dəfələrlə çatdırılıb ki, Bakı-Təl-Əviv müttəfiqliyi heç vaxt hansısa ölkəyə qarşı çevrilməyib. Azərbaycanın bir çox dövlətlə tərəfdaşlıq münasibəti var və bu məqam dəfələlər ayrı-ayrı ölkə rəsmilərinin diqqətinə çatdırılıb. Azərbaycan Ermənistanla 44 günlük müharibədə Türkiyə və İsraildən müasir silahlar alıb. Bu silahların qələbədə önəmli rolu olub. Prezidentin köməkçisi Hikmət Hacıyevin söylədiyi kimi Ceyhan limanı üzərindən neft satılır. Hansı ölkələr, hansı şirkətlər nefti alırsa, bu məsələ artıq Bakını o qədər maraqlandırmır. Kim daha münasib qiymət təklif edirsə, neftimizi alır. Ona görə də burada xüsusi olaraq İsraili qabartmaq, "Azərbaycan neftindən güc aldığını" iddia etmək doğru deyil".
Analitik qeyd edib ki, İsrail Azərbaycanla yanaşı, digər dövlətlərdən də neft ala bilər:
"Niyə sadəcə Azərbaycanın adı çəkilir? Qardaş Türkiyədə bu məsələnin bəzi dairələr tərəfindən şişirdilməsi təəssüf doğurur. Bu məsələyə daha dözümlü yanaşan Türkiyə hakimiyyəti cəmiyyətə də həmin mesajları ötürməlidir. Həmin qüvvələr anti-Azərbaycan mövqeyindən vaz keçməlidirlər. Çünki bundan ancaq düşmənlərimiz, Ermənistan sevinəcək. Azərbaycan və Türkiyə arasında təfriqədən bu iki ölkəni istəməyənlər, ümumən türk dünyasına düşmən olanlar sevinə bilərlər. İndiki məqamda Bakıda İsrail və Türkiyə danışıqları gedir, müəyyən razılaşmalar var. Biz İsraillə tərəfdaşlıq qurmaqda sərbəstik".
Aydın Baxış