Türkiyədə məhkəmə müxalif DEVA partiyasının təsisçisi Mətin Gürcanı casusluqda ittiham edərək 16 il 8 ay müddətinə azadlıqdan məhrum edib.
Bakıvaxtı.az "TRT Haber"e istinadən xəbər verir ki, Gürcan Türkiyənin Suriya, İraq və Liviyadakı hərbi əməliyyatları, həmçinin Türkiyə pilotsuz təyyarələrinin inkişafı və qoşunların hərəkəti ilə bağlı məxfi məlumatları xarici diplomatlara ötürməkdə təqsirli bilinib.
Gürcanla bağlı iş 2021-ci ildə İstanbulda saxlanıldığı vaxt başlayıb. 2022-ci ildə o, zaminə buraxılsa da, məhkəmə bir neçə il davam edib.
İttiham tərəfinin iddiasına görə, Gürcan mütəmadi olaraq məxfi məlumatları, o cümlədən hərbi müşahidə məntəqələri haqqında və Türkiyənin xarici siyasəti ilə bağlı məlumatları əcnəbilərə ödəniş müqabilində ötürüb.
Gürcan özü təqsirli olduğunu rədd edərək, yalnız açıq mənbələrdən istifadə etdiyini və milli təhlükəsizliyə təhlükə törətmədiyini iddia edib. DEVA partiyası Gürcanın çoxdan öz sıralarını tərk etdiyini və cəzanı onların fəaliyyəti ilə əlaqələndirmək cəhdlərinin “qara təbliğat” olduğunu bildirib.