Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NyuYorkda BMT-nin 78 Baş Məclisində iştirak etmək üçün səfər öncəsi keçirilən mətbuat konfransında Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində Azərbaycan, Ermənistan və Rusiya danışıqlar formatında bu ölkələrin liderlərinin razılığı olursa, Turkiyənin də iştirak edə biləcəyi mesajını verib. Bu mesaj demək olar ki, hətta beynəlxalq təşkilatların müzakirə mövzusuna çevrilib.
Növzu ilə bağlı deputat Məlahət İbrahimqızı Bakıvaxtı.az-a deyib ki, əslində hətta müharibəyə qədər uzun illər ATƏT-in Minsk qrupunun fəaliyyəti dövründə Türkiyənin regionun ən nüfuzlu dövləti kimi, bu üçlü formatda iştirakı arzu olunurdu və demək olar, gündəmdə olan bir məsələ idi: “Çox təəssüf ki, erməni diasporu və lobbisinin çox güclü təsirə malik olduğu ABŞ, Fransa və Rusiya üçlüsünə Türkiyənin də daxil edilməsinə imkan verilmədi. Sözsüz ki, bu təklif keçmiş ATƏT Minsk qrupunun həm sədrlərindən olan Fransa kimi ermənipərəst dövlətin erməni lobbisinin ruporu olan Makron kimi siyasətçiləri qıcıqlandıracaq. Əlbəttə, ötən illər ərzində Qarabağ münaqişəsinin həllində dünya erməniliyinim Türkiyəni uzaqlaşdırması işğal altında olan Qarabağın erməni işğalında saxlanması idi. Türkiyənin bu münaqişənin ilk günündən danışıqlar formatında iştirakı isə tarixi zərurətdir. Birincisi Türkiyə Ərdoğanın liderliyi ilə bu gün dünyanın ən nüfuzlu ölkələrindəndir. Türkiyə tarix boyu Qafqaz bölgəsində təsiri ola biləcək üç ölkədən Rusiya, İranla bərabər həlledici ölkə hesab edilir. Necə ola bilər ki, okeanın o tayından olan ölkə və ya ermənidən daha çox erməni xislətli Fransa bölgədə “meydan oxuya bilir”. Həm tarixi, kultural, həm də hüquq baxımından və üç xristian və ermənipərəst dövlətin qərəzli mövqeyini balanslaşdırmaq üçün Türkiyə mütləq olmalıdır”.
Müsahibimizin sözlərinə görə, bu gün Türkiyə və ya Ərdoğan dedikdə ağla ilk növbədə barış, çözüm, əməkdaşlıq gəlir. M.İbrahimqızı qeyd edib ki, çağdaş dünyada bu gün münaqişə bölgələrində sülh istiqamətində atılan addımlarda Ərdoğan Türkiyəsinin böyük rolu var: “Biz Somalidə də, Balkanlarda da, Rusiya-Ukrayna münaqişəsində də bunun şahidi oluruq”.
Məlahət İbrahimqızı: Türkiyənin danışıqlar prosesində iştirakı Azərbaycanın maraqlarını tam təmin edir
Deputat hesab edir ki, Ərdoğanın bu mesajının arxasında ciddi proseslər dayanır: “Düzdür Ərdoğanın bu mesajının gerçəkləşməməsi üçün çox çalışacaqlar. Amma necə deyərlər, ox yayından çıxıb. Əminliklə demək istəyirəm ki, Türkiyə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə qoşularsa, bu, bütövlükdə bölgədə dayanıqlı sülhün, inkişafın və təhlükəsizliyin, bölgə ölkələri arasında əməkdaşlığın daha sürətlə inkişafına əvəzsiz töhfələr olacaq. Bu format Ermənistan və erməni xalqı üçün də çox önəmlidir. Bu gün rəsmi statistikaya görə yüz mindən artıq Ermənistan vətəndaşı qeyri-rəsmi miqrant kimi Türkiyədə işləyərək ölkəsinə çörək pulu göndərir. Rəsmi Türkiyə buna bir humanizm kimi höz yumur. Düzdür, erməni xalqı belə humanizmi anlamır. İstənilən halda Ərdoğanın səsləndirdiyi mesaj bölgədə son vaxtlarda fitnə və xaos çıxartmaq istəyən qüvvələrə həm də “yerinizi bilin” deməkdir”.
Həmsöhbətimiz bildirib ki, Azərbaycanla doğal qardaşlıq bağlılığını və Şuşa Bəyənnaməsini də nəzərə alsaq Türkiyənin, daha doğrusu Ərdoğanın nə qədər haqlı olduğu sübut olunur: “Bölgədə Naxçıvanla bağlı Qars müqaviləsini də xatırlatsaq, hətta Türkiyə danışqlar prosesində iştirakda “gecikib” desək yanılmarıq. Bir sözlə, Türkiyənin danışıqlar prosesində iştirakı Azərbaycanın maraqlarını tam təmin edir”.
Nərgiz Məmmədli