Məlum olduğu kimi, Milli Məclisdə universitetlərdə 3 illik təhsil sisteminə keçilməsi müzakirə olunub. Milli Məclisin Elm və təhsil komitəsinin iclasında komitə sədrinin müavini Fariz İsmayılzadə bildirib ki, bu yaxınlarda ilk dəfə olaraq ABŞ-də universitetlərdən biri 3 illik ali təhsil sisteminə keçib.
Onun sözlərinə görə, bu, Amerika cəmiyyəti üçün inqilabi dəyişiklikdir:
“Çünki bilirik ki, Avropa universitetləri 3 illik bakalavr sisteminə çoxdan keçiblər. Düşünürəm ki, dünyada baş verən trendləri nəzərə alaraq, bizdə də “Ali təhsil haqqında” qanuna yenidən baxmağa ehtiyac var. Bu istiqamətdə həm də ictimai dinləmə keçirmək olar”.
Deputat Ceyhun Məmmədov isə magistratura təhsilinin müddətinin 1 il olmasını təklif edib:
“Hər il Azərbaycanda bəzən 4 min, bəzən daha çox magistraturada boş yerlərimiz qalır. Bunun əsas səbəblərindən biri gənclərin 2 il oxumaq istəməməsi ilə bağlıdır. Bu müddət uzundur”.
Təklifləri dəyərləndirən təhsil üzrə mütəxəssis Məzahir Məmmədlinin Bakıvaxtı.az-a dediyinə görə, bu məsələ uzun müddətdir ki, Azərbaycanda da müzakirə olunur, bəzi təkliflər irəli sürülür:
“Bəziləri təklif edir ki, bakalavr səviyyəsində humanitar yönümlü ixtisaslar 3 ilə endirilə, təbiət elmləri, mühəndislik, dəqiq elmlər 4 illik davam edə bilər. Artıq Milli Məclisdə də Avropa təhsilinə inteqrasiyaya dair müəyyən təkliflər irəli sürülür. Azərbaycanda təshilin bakalavr səviyyəsinin 3 ilə, magistr səviyyəsinin isə 1 ilə endirilməsi barədə yanaşmalarda məntiq var”.
Müsahibimiz qeyd edib ki, süni intellekt elm, təhsil, cəmiyyət və məişətimizə qədər nüfuz edib. Bu istiqamətdə sürətli inkişaf müşahidə olunur. Artıq əmək bazarına daha tez atılmaqda fayda var. Bakalavrlar üçün 3 il bəs edir.

Məzahir Məmmədli: Bakalavrlar 4 il oxuyub, əlavə vaxt itkisi istəmirlər
M.Məmmədli onu da əlavə edib ki, magistratura üçün boş qalan plan yerləri yerləri hər il artır:
“Ötən il 3 minə qədər plan yeri boş qaldı, onlardan 1200-ü dövlət sifarişli idi. Bu il də ikinci cəhdən sonra 1000-ə qədər yer boş qalıb. Bakalavrlar 4 il oxuyub, əlavə vaxt itkisi istəmirlər. Onlar əmək bazarına tez atılmaq niyyətindədirlər. Bazarın da tələbi buna uyğundur. Əmək bazarı magitratura səviyyəsi üçün şərt qoymur. İctimai tələb də, fabrik, zavodlar və şirkətlərin də tələbi budur ki işçi öz işini layqincə bacarsın”.
“Mənə elə gəlir ki, 3 il ərzində nəzərdə tutulan ixtisaslar üzrə tələbəni yaxşı hazırlamaq olar”, - deyə Məzahir Məmmədli əlavə edib.
Yeri gəlmişkən, elm və təhsil naziri Emin Əmrullayev da mətbuat konfransında çıxışı zamanı qeyd edib ki, bakalavr üzrə dörd illik ixtisasların bəzilərini üçillik etmək olar.
"Bunu yalnız həmin ixtisas üzrə mütəxəssislərin rəyi ilə etmək olar. Mən bunun tərəfdarıyam. Bu addımın bütün ixtisaslara şamil olunması müzakirə edilmir", - nazir əlavə edib.
Aydın Baxış
















