• Bakı 18° C

    3.91 m/s

  • USD - 1.7

    EUR - 1.851

    RUB - 0.0175

Universitetə qəbul olan subbakalavrlara hansısa güzəşt edilməlidirmi? - Keçmiş göstəriciləri bağlanmalıdır

CƏMİYYƏT

16 Oktyabr 2024 | 10:01

Universitetə qəbul olan subbakalavrlara hansısa güzəşt edilməlidirmi? - Keçmiş göstəriciləri bağlanmalıdır

"Subbakalavrların bakalavr səviyyəsi üzrə ali təhsil müəssisələrinə köçürülməsi, müsabiqəsiz qəbulu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 may 2019-cu il 230 saylı qərarına əsasən tənzimlənir".

Bunu Bakıvaxtı.az-a açıqlamasında təhsil eksperti Elmin Nuri deyib.

Ekspert bildirib ki, sözügedən qərarda subbakalavrların bakalavr səviyyəsi üzrə, müvafiq ixtisaslar üzrə qəbulu və köçürülməsi qaydaları bir neçə kriteriyanı özündə əks etdirir:

"Subbakalavr səviyyəsi üzrə təhsil almış və oranı mütləq mənada bitirmiş şəxsin orta ümumi bal göstəricisi tətbiq olunur. Təhsil aldığı orta ixtisas təhsil müəssisəsindən rəsmi sənəd olaraq təhvil alınır və həmin sənəddə əks olunan bal əsasında müsabiqədə iştirak edir. Həmin müsabiqə, yəni ixtisas seçimi həmin il ali təhsil müəssisələrinə imtahan verən abituriyentlərlə eyni vaxtda aparılır. Bu il kolleclərə, orta ixtisas təhsil müəssisələrinə olan maraq və müraciətlərin sayının həddindən artıq çox olmasının səbəbi məhz bundan ibarət idi”.

Müsahibimiz vurğulayıb ki, kolleclər artıq öz nüfuzunu xeyli itirib, diplomlarının əhəmiyyət göstəricilərini xeyli azaldıblar. Onun sözlərinə görə, məhz bu qərardan sonra kolleclər yenidən maraq obyektinə düşdü:

“Bu gün Azərbaycanda fəaliyyət göstərən orta ixtisas təhsili müəssisələrinin demək olar ki, hamısında son qəbul imtahanlarına əsasən boş plan yeri qalmayıb. Sevindiricidir ki, bu hal rayonlarda, bölgələrdə, eyni zamanda paytaxt Bakı daxil olmaqla iri şəhərlərdə yaşandı”.

Amma bəzi detallar var ki, bizim abituriyentlər, kollec məzunları, subbakalavrların valideynləri üçün qaranlıq qalır. Onlardan biri də ali məktəblərə, universitetlərə daxil olduqdan sonra subbakalavr zamanı keçdikləri fənlərdən azad olunub-olunmaması ilə bağlı bilgilərdir:

“Yuxarıda qeyd etdiyimiz sənəddə bu fənlərin hazır olması ilə bağlı məlumat var".

E.Nuri diqqətə çatdırıb ki, qərarın maddələrinin birində subbakalavr səviyyəsində oxuduğu zaman topladığı kredit sayının nəzərə alınması və o istiqamətdə müəyyən güzəştlərin edilməsi nəzərdə tutulub:

"Konkret olaraq, qərarın 4.9-cu maddəsində bildirilir ki, orta ixtisas təhsili müəssisəsindən ali təhsil müəssisəsinə müsabiqəsiz imtahan zamanı kredit sistemi tədrisin təşkili qaydalarının tələblərinə uyğun nəzərə alınır. Ancaq sonradan yayılan məlumatlara görə, son dəyişikliklərlə bağlı biz lazımi rəsmi datalarla tanış olmamışıq”.

Elmin Nuri, Təhsil eksperti

Həmsöhbətimiz subbakalavr səviyyəsi üzrə yüksək bal göstəricisi olan gənclərə güzəşt olunmasını birmənalı qəbul etmir. Bildirib ki, düzdür, kollec daxilində subbalavr təhsili zamanı rəqabətliliyin artırılmasına, kollec təhsilinə olan diqqətin artırılmasına kömək edən detaldır. Yaxşı düşünülmüş addımdır. Lakin hər bir halda subbakalavr universitetə qəbul olunursa, onun üçün artıq yeni səhifə açılır. Onun üçün subbakalavr dönəmi, kollec təhsili artıq bir keçmişdir, uğurlu tramplindir. Məhz həmin tramplindən istifadə etməklə universitetə daxil ola bildi. Ona görə keçmiş göstəriciləri tamamilə bağlanmalıdır”.

“Əsas məsələ şəxsin orta ümumi bal göstəricisinin onun tələbə adını qazanmasına yardımçı olmasıdır", - deyə Elmin Nuri əlavə edib.

Aydın Baxış


SON XƏBƏRLƏR