“Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi uşaq bağçaları, məktəblər, internatlar və digər mütəşəkkil uşaq müəssisələrində sanitariya-gigiyena və epidemioloji tələblərə əməl olunmasına mütəmadi nəzarət edir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu “Sağlam radio”nun “Sağlam səhər” verilişində Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin həkim-gigiyenisti Sevda Talıbova deyib.
Onun sözlərinə görə, uşaqların immun sistemi hələ tam formalaşmadığı üçün onlar infeksion xəstəliklərə daha həssasdırlar. Kollektiv şəraitdə hava-damcı, məişət-təmas və fekal-oral yoluxma mexanizmləri daha sürətlə reallaşa bilər. Buna görə də, sanitariya-gigiyenik nəzarət yalnız infeksiyaların qarşısının alınmasına deyil, həm də uşaqların fiziki və psixi inkişafına, sağlam həyat tərzinin formalaşmasına xidmət edir.
Mərkəz epidemioloji nəzarət, laborator monitorinq, dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərini kompleks şəkildə həyata keçirir. Bu tədbirlər immunoprofilaktika proqramları, təhlükəsiz su təminatı və sanitariya-gigiyenik normalara riayət olunması ilə birlikdə uşaqların sağlamlığının qorunmasının əsas elementləridir. Eyni zamanda müəssisələrdə laborator-instrumental tədqiqatlar aparılır və sanitariya müayinələri keçirilir.
S.Talıbova qeyd edib ki, mərkəz müəssisələrə metodiki köməklik göstərir, tədris və tərbiyə şəraitinin yaxşılaşdırılması ilə bağlı təkliflər hazırlayır, həmçinin valideynlərə və əməkdaşlara gigiyena qaydalarına riayət etməyin vacibliyini mütəmadi xatırladır.
















