“Uşaq dərsə, ordan hazırlığa, sonra şahmata, axşam da futbola gedir”, “Qızım rəsmlə də maraqlanır, musiqi ilə də. Dərslər, hazırlıqlar da öz yerində”. Son zamanlar valideynlər arasında bu səpkili söhbətlərə daha tez-tez rast gəlirik.
Ümumiyyətlə, müasir ailələr övladlarının hərtərəfli inkişafını istəyirlər. Amma bəzən uşaq valideynlərinin bu şərtlərini yerinə yetirə bilmir, necə deyərlər, “Əli aşından da olur, Vəli aşından da”.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan psixoloq Elnur Rüstəmov bildirib ki, ailədə uşaq sayının azlığı valideynin gözləntisinin çox olmasına gətirib çıxarır. Onun sözlərinə görə, ümumiyyətlə, valideynlər uşaqlarını bir çox yaradıcıllıq mərkəzlərinə, kurslara göndərirlər. Bunun əsas səbəblərindən biri də öz uşağını sosiallaşmş biri kimi görmək istəməsidir:
“Nəzərə almaq lazımdır ki, bu gün ailələrdə uşaq sayı azdır və bunun da nəticəsidir ki, valideyn övladının bir çox istiqamətlərdə istedadlı olmasına çaılışır. Yaxşı oxusun, idmanı bacarsın, musiqiçi olsun, yaxşı şahmat oynasın və s. Bir sözlə, uşaq sayının azlığı valideynin gözləntisinin çox olmasına səbəb olur”.
Psixoloq qeyd edib ki, uşağın öz potensialını nəzərə almadan valideynin öz istəklərini reallaşdirmağa çalışması zamanla uşaqda aqressiyaya, stressə gətirib çıxarır. Uşaq gözləntiləri doğrultmadığı halda da ailə konfliktləri meydana çıxır, problem daha da böyüyür.
Müsahibimiz onu da qeyd edib ki, sosiallaşmaq üçün uşaqları belə istiqamətlərə götürmək təqdirə layiqdir: “Sadəcə, bu prosesdə uşağın potensialı mütləq nəzərə alınmalıdır”.
Xəyalə Rza


jpg-1680856240.jpg)













