Azərbaycan məktəblərində noyabr tətilləri yaxınlaşır. Bu dövrdə şagirdlər internetdə daha çox vaxt keçirirlər: qadcetlərdə oyunlar oynayır, sosial mediadan istifadə edir və messencerlərdə söhbət edirlər.
Mütəxəssislər qeyd edirlər ki, bu dövrdə uşaqların kibertəhlükəsizliyinə diqqət yetirmək xüsusilə vacibdir, çünki tətil zamanı onların sayıqlığı daha aşağı ola bilər.
Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov Bakıvaxtı.az-a bildirib ki, uşaqlar çox vaxt potensial təhlükələrdən xəbərsiz olurlar: onlar asanlıqla yad adamlara etibar edir, naməlum tətbiqləri yükləyir və şəxsi məlumatlarını paylaşırlar. Onun sözlərinə görə, valideynlərin uşaqlarına rəqəmsal gigiyena qaydalarını izah etmələri, onların istifadə etdiyi cihazlarının məxfilik parametrlərini yoxlamaları və şübhəli məzmuna girişi məhdudlaşdırmaları vacibdir.
Ekspert uşaqların onlayn müdafiəsi üçün bəzi məsləhətlər də verib:
“Hesabları qapalı edin və kontaktlar çevrəsini məhdudlaşdırın. Valideyn nəzarətindən, filtrlərdən və təhlükəsiz axtarış sistemlərindən istifadə edin. Uşaqlara saxta linkləri, şübhəli mesajları və təhlükəli tətbiqləri necə tanımağı öyrədin”.
M.Məmmədov onu da bildirib ki, quraşdırılmış tətbiqləri, sosial media parametrlərini və brauzer tarixçəsini vaxtaşırı nəzərdən keçirmək lazımdır. Dediyinə görə, uşaqlarınızla hansı məlumatları paylaşa biləcəyini, hansıları gizli saxlamalı olduğunu müzakirə edin.
“Rəqəmsal savadlılıq və valideyn nəzarəti uşaqlara risklərə məruz qalmadan internetdən təhlükəsiz istifadə etməyə, öyrənməyə və ünsiyyət qurmağa kömək edir”, - Kaspersky mütəxəssisləri xatırladırlar.
Nərgiz Məmmədli
Bakı 


