• Bakı C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.9983

    RUB - 2.2141

Vaşinqtonda verilən mesaj: Azərbaycanın artan diplomatik çəkisi

SİYASƏT

20 Fevral 2026 | 15:01

Vaşinqtonda verilən mesaj: Azərbaycanın artan diplomatik çəkisi

Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasında Azərbaycanın iştirak etməsi təsadüfi diplomatik detal deyil, ölkəmizin son illərdə qazandığı siyasi çəkisinin məntiqi nəticəsidir.

ABŞ Prezidenti Donald Tramp tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi şəkildə dəvət olunması ölkəmizin artıq regional çərçivədən çıxaraq qlobal təhlükəsizlik və sülh müzakirələrinin iştirakçısına çevrildiyini göstərir. Tədbir zamanı Azərbaycan və Ermənistan liderlərinin adının xüsusi vurğulanması, əldə olunan sülh razılaşmasının qabardılması Bakının uzun illər davam etmiş münaqişədən sonra yeni siyasi reallıq formalaşdırdığını nümayiş etdirdi. Bu, təkcə diplomatik jest deyil, həm də Azərbaycanın münaqişədən sonrakı mərhələdə konstruktiv mövqe tutduğunun beynəlxalq səviyyədə qəbul edilməsidir.

Vaşinqton səfərinin digər mühüm istiqaməti isə ikitərəfli və çoxtərəfli əlaqələrin dərinləşdirilməsi idi. Prezident İlham Əliyevin Amerika-İsrail İctimai Əlaqələr Komitəsinin rəhbərliyi ilə görüşü Azərbaycanın beynəlxalq tərəfdaş şəbəkəsinin genişliyini göstərdi. Azərbaycanın multikultural və tolerant mühiti, müxtəlif dinlərin nümayəndələrinin sülh içində yaşaması barədə mesajların verilməsi ölkəmizin yumşaq güc potensialını ön plana çıxardı. Bu, Azərbaycanın yalnız enerji və geosiyasət aktoru deyil, həm də mədəniyyətlərarası dialoq platforması olduğunu bir daha təsdiqlədi. Eyni zamanda, Azərbaycan ABŞ ilə strateji tərəfdaşlıq çərçivəsində süni intellekt, rəqəmsal transformasiya və innovasiya kimi yeni sahələrdə əməkdaşlıq gündəliyini genişləndirir ki, bu da münasibətlərin klassik təhlükəsizlik çərçivəsindən kənara çıxdığını göstərir.

Bununla yanaşı, Azərbaycanın Qəzza məsələsində ortaya qoyduğu mövqe xarici siyasətdə balanslı və məsuliyyətli xəttin davamıdır. Yeni müharibədən çıxmış dövlət kimi hərbi kontingentin başqa münaqişə zonasına göndərilməməsi qərarı daxili ictimai həssaslıq və milli prioritetlərin nəzərə alınması ilə bağlıdır. Lakin bu, Azərbaycanın proseslərdən kənarda qalması anlamına gəlmir. Ölkəmiz humanitar və investisiya mexanizmləri vasitəsilə dəstək verə, münaqişədən sonrakı bərpa təcrübəsini bölüşə bilər. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən geniş quruculuq layihələri artıq praktik model kimi təqdim olunur və beynəlxalq platformalarda maraq doğurur.

Bütün bu faktorlar birlikdə göstərir ki, Vaşinqton səfəri sadəcə protokol xarakterli tədbir deyildi. Bu səfər Azərbaycanın sülh gündəliyində fəal iştirak edən, regional sabitliyi təşviq edən və qlobal diplomatik müzakirələrdə söz sahibi olan dövlət kimi mövqeyini gücləndirdi. Azərbaycan artıq hadisələrin izləyicisi deyil, proseslərin formalaşmasında iştirak edən aktordur və bu xətt ölkəmizin diplomatiyasının əsas üstünlüyünə çevrilib.

Züriyə Qarayeva


SON XƏBƏRLƏR