Hər il olduğu kimi, bu il də yay ayları başlayandan suda boğulma halları yaşanır. Xüsusən də hər il qadağan olunmuş çimərliklərin siyahısı açıqlansa da, o çimərliklərdən yenə də istifadə olunur. Bu isə suda boğulma faktlarını daha da artırır.
Bəs görəsən, qadağan olunmuş ərazilərlə bağlı təhlükəsizlik necə təmin olunmalıdır? O ərazilərdə çimən insanları cərimələmək effektiv ola bilərmi?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirib ki, çimərlik mövsümü başlamadan öncə adiyyəti üzrə müvafiq qurumlar tərəfindən çimərlik ərazisinə baxış keçirilir.
Onun sözlərinə görə, baxış zamanı suyun fiziki, kimyəvi və bakteroloji nümunələri götürülür və sağlamlıq üçün riskləri öyrənilir. Eyni zamanda sualtı yarğanlar, suyun dibinin akvatoriya xüsusiyyətləri və təhlükə yarada biləcək amillər yoxlanılır. Bu baxımdan çimərlik seçimini planlı şəkildə etmək lazımdır:
"Fəaliyyətinə icazə verilən çimərliklərə getmək mütləqdir. Qadağan olunmuş və xilasetmə olmayan çimərliklərdə çimmək birmənalı olaraq sağlamlıq üçün təhlükəlidir. Bundan başqa, çimərliklərdə 5 qızıl qaydaya mütləq əməl olunmalıdır. Bura əlverişsiz hava şəraitində çimərliyə getməmək, üzmə sərhədlərini keçməmək, spirtli içkinin təsiri altında çimərliyə getməmək, nəzarətsiz çimərlik ərazilərinə getməmək və uşaqları nəzarətsiz qoymamaq kimi qaydalar daxildir. Bu qaydalara əməl etməklə, xoşagəlməz hadisələrin qurbanı olmamaq mümkündür. Əlverişsiz hava şəraiti dedikdə, küləyin sürətinin 10-12 km/saatı keçməsi nəzərdə tutulur. Bundan başqa, üzmə sərhədini keçmək boğulma riskini artırır və xilasetmə xidmətinin görünüş məsafəsini uzaqlaşdırır".
Elmar Nurəliyev: Üzmə sərhədini keçmək boğulma riskini artırır və xilasetmə xidmətinin görünüş məsafəsini uzaqlaşdırır
Ekspert onu da vurğulayıb ki, bəzən çimərliklə olan valideynlərin başı əyləncəyə qarışır və uşaqları nəzarətsiz buraxırlar. Nəticədə bədbəxt hadisə yaşana bilir.
"Hər il dünyada 400 minə yaxın suda boğularaq həyatını itirir. Onların 95 faizi məhz nəzarətsiz çimərliklərin payına düşür. Bu, onu göstərir ki, nəzarətsiz çimərliklər təhlükəlidir. Həmçinin dünya üzrə suda boğulmanın 70 faizi əlverişsiz hava şəraitinin payına düşür ", - deyə müsahibimiz qeyd edib.
Gülşən Şərif
Bakı 



