Noyabr ayında Özbəkistanda keçirilən Mərkəzi Asiya dövlət başçılarının VII Məşvərət görüşündə Azərbaycanın bu platformada Mərkəzi Asiya liderləri ilə tamhüquqlu və güclü tərəfdaş kimi qəbul edilməsi mühüm hadisə olub.
Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair mətbuat konfransında bildirib.
Nazirin sözlərinə görə, Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu qoşulması ölkələrimizin vahid geosiyasi və iqtisadi məkanda birləşməsi baxımından mühüm addımdır. Bu qərar əməkdaşlığın S5 formatından S6 formatına keçməsinə səbəb olaraq regionda qarşılıqlı tərəfdaşlığın dərinləşməsi üçün yeni imkanlar açıb.
Ceyhun Bayramov əlavə edib ki, Azərbaycan digər ölkələrlə münasibətlərini qarşılıqlı maraqlar əsasında davam etdirir. Baş diplomat xatırladıb ki, Dövlət Başçısının İsveçrə, Albaniya, Macarıstan, Danimarka və Slovakiyaya işgüzar səfərləri baş tutub. Nəzərə çatdırıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva isə Tacikistana rəsmi səfər edib.
Bununla yanaşı, Albaniya, İtaliya, Almaniya və Şimali Makedoniya dövlət və hökumət başçıları Azərbaycana səfər ediblər. XİN rəhbəri qeyd edib ki, Asiya regionu ölkələri ilə əlaqələrin inkişafı istiqamətində fəaliyyət davam edir və xüsusilə Çinlə münasibətlərin daha da genişləndirilməsi nəzərdə tutulur.
“Ölkə başçısının Çinə dövlət səfəri zamanı Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlığın qurulması ilə bağlı fikir mübadiləsi aparılıb və bir sıra layihələr müzakirə olunub. May ayında isə Azərbaycan Prezidenti və Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi arasında aparılan danışıqlar nəticəsində Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında strateji tərəfdaşlığın qurulması barədə razılıq əldə olunub”, — nazir vurğulayıb.
Zeynəb Rzayeva
Bakı 




