Azərbaycanın Pakistandakı Səfirliyi Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar fotosərgi təşkil edib.
Səfirlikdən Bakıvaxtı.az-a verilən məlumata görə, Pakistanın Müasir Dillər Milli Universitetində (NUML) 25-26 fevralda təşkil edilmiş sərgidə Xocalıda mülki Azərbaycan əhalisinə qarşı törədilmiş cinayətlər və soyqırımı qurbanlarının əks olunduğu fotoşəkillər, çap materialları nümayiş etdirilib.
Tədbirdə NUML-in müəllim-tələbə heyəti, bu ölkənin beyin mərkəzlərinin nümayəndələri, eləcə də səfirlik əməkdaşları iştirak ediblər.
Tədbir zamanı iştirakçılara 1992-ci il fevral ayının 26-da Xocalı şəhərində ermənilər tərəfindən xüsusi amansızlıqla törədilmiş soyqırımın tarixi, onun beynəlxalq aləmdə tanıdılması istiqamətində Azərbaycan tərəfindən görülmüş işlər, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası barədə məlumat verilib.