Prezident İlham Əliyevin təsdiqlədiyi yeni “Xüsusi icra məmurları haqqında” Qanun 2026-cı il 1 yanvar tarixindən qüvvəyə minib.
Bakıvaxtı.az xəbər verir ki, Qanuna əsasən, xüsusi icra məmurunun haqqı standart haqq və əlavə icra haqqından ibarətdir.
Standart haqq icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin, xüsusi icra məmurunun və onun işçilərinin əməyinin ödənilməsi üçün verilir.
Əlavə icra haqqı qarşılıqlı razılığa əsasən icranın tam və ya qismən təmin olunmasına görə ödənilir.
Xüsusi icra məmurunun haqlarına dair məlumatlar xüsusi lövhədə xüsusi icra məmurunun ofisində görünən yerdən asılmalı, Ədliyyə Nazirliyi və Xüsusi İcra Məmurlarının Palatasının rəsmi internet səhifələrində yerləşdirilməlidir.
Xüsusi icra məmurunun standart haqqının hesablanması meyarları və hədləri Nazirlər Kabineti tərəfindən müəyyən olunub.
Pul tələbinə dair icra sənədləri üzrə standart haqq tələbkarın xeyrinə tutulmalı olan məbləğlə eyni vaxtda borcludan tutulur. Borcludan tutulmuş vəsait standart haqqın və icra sənədi üzrə tələbin tam ödənilməsinə kifayət etmədikdə ilk növbədə standart haqqın ödənilməsinə yönəldilir. Pul tələbi olmayan icra sənədləri üzrə standart haqq icra sənədi tam icra olunduqdan sonra borcludan tutulur. Birgə borclular standart haqqın ödənilməsi üçün müştərək məsuliyyət daşıyırlar.
Xüsusi icra məmuru icra icraatına başlamaq haqqında qərarla eyni vaxtda standart haqqın tutulması barədə qərar çıxarır və onu 3 (üç) iş günü müddətində tərəflərə göndərir. Həmin qərarda xüsusi icra məmuru standart haqqın məbləğini qeyd edir. Standart haqqın tutulması barədə xüsusi icra məmurunun qərarı icra sənədi hesab olunur.
Standart haqq borclu tərəfindən ödənilməzsə, xüsusi icra məmuru standart haqqın tutulması barədə qərarını həmin icraat çərçivəsində məcburi icraya yönəldir. Xüsusi icra məmurunun fəaliyyətinə xitam verildiyi hallar istisna olmaqla, bu qərarın icrası həmin xüsusi icra məmuru tərəfindən həyata keçirilir. Məcburi icra tədbirlərinə baxmayaraq borcludan tutulması mümkün olmadıqda icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər tələbkar tərəfindən ödənilməlidir.
İcra sənədi könüllü icra müddəti bitənədək borclu tərəfindən icra olunarsa, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər istisna olmaqla, borclu standart haqqı ödəməkdən azad edilir.
Zərurət olmadan çəkilmiş və əsaslandırılmamış xərclər xüsusi icra məmurunun standart haqqına daxil edilə bilməz. Belə xərclər xüsusi icra məmurunun özünə aid edilir. Standart haqqın tutulması barədə qərardan tərəflər onu əldə etdikləri gündən 10 gün müddətində inzibati qaydada və məhkəməyə şikayət verə bilərlər. Haqqın qanunsuz tutulması və ya artıq məbləğdə ödənilməsi məhkəmə tərəfindən təsdiq edilərsə, xüsusi icra məmuru bu barədə məhkəmə qərarı qanuni qüvvəyə mindiyi gündən 10 iş günü müddətində həmin məbləği geri qaytarmalıdır.
Əlavə icra haqqının hesablanması meyarları və hədləri Nazirlər Kabineti tərəfindən müəyyən olunub.
Əlavə icra haqqının tələbkar tərəfindən ödənilməsi şərtləri icraata başlanmazdan əvvəl xüsusi icra məmuru ilə tələbkar arasında yazılı razılıqla müəyyən olunur. Əlavə icra haqqı icra icraatının bütün müddəti ərzində ödənilə bilər.
Xüsusi icra məmuru tərəfindən standart haqqın və əlavə haqqın məbləğinin bu Qanuna uyğun olaraq müəyyən edilən hədlərdən artıq müəyyən edilməsinə, əlavə icra haqqının borcludan tutulmasına yol verilmir.
Bakı 




