• Bakı 16° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.9952

    RUB - 2.0763

Yanlış addımlarla İrəvan hökuməti əlindəkini də itirə bilər -AÇIQLAMA

SİYASƏT

02 Oktyabr 2025 | 16:27

Yanlış addımlarla İrəvan hökuməti əlindəkini də itirə bilər -AÇIQLAMA

Oktyabrın 2-də Kopenhagendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə görüşü olub. Görüşdə tərəflər ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə keçirilmiş Vaşinqton Sülh Sammitində əldə olunan razılaşmaların əhəmiyyətini vurğulayıblar.

Onlar Ermənistan və Azərbaycan arasında sülhün daha da möhkəmləndirilməsi istiqamətində səy göstərməyə hazır olduqlarını bir daha təsdiq ediblər. Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri regionda nəqliyyat kommunikasiyalarının faydalarını vurğulayıblar, Azərbaycan ərazisində infrastrukturun inkişafı ilə bağlı cari işlərin gedişatı və Ermənistan ərazisində TRIPP layihəsini müzakirə ediblər, Vaşinqton Bəyannaməsinin icrası ilə bağlı fikir mübadiləsi aparıblar. Tərəflər bu xüsusda ATƏT-in Minsk prosesinin və onunla əlaqəli strukturların ləğv olunması ilə bağlı yekdilliklə qəbul edilmiş qərarı alqışlayıblar.

Görüşdə tərəflər etimad quruculuğu tədbirlərinin bundan sonra da həyata keçirilməsinin vacibliyini vurğulayıb və təmasları davam etdirmək barədə razılığa gəliblər.

Politoloq Natiq Mirinin Bakıvaxtı.az-a dediyinə görə, belə görüşlərin əhəmiyyəti həm də ondadır ki, 8 avqust Vaşinqton razılaşmasını sabotaj etmək, zamana oynamaq, hansısa manevr etmək cəhdlərinin qarşısı alınsın.

Ekspert vurğulayıb ki, liderlərin görüşləri həm də qarşılıqlı hesabatlılıq məsələsini ortaya qoyur:

"Hər iki ölkə rəhbərliyi müəyyən narahatlıqlarını qarşılıqlı dilə gətirirlər. Atılacaq addımlar müzakirə olunur. Eyni zamanda Azərbaycan üçün əhəmiyyətli olan Zəngəzur dəhlizinin, nəqliyyat kommunikasiyalarının açılması məsələsinin hansı vəziyyətdə olması müzakirə predmetidir. ABŞ nümayəndə heyəti "Tramp marştrutu" ilə bağlı Ermənistana səfər edib. Bəzi məsələlərin müzakirəsindən sonra ABŞ öz iradəsini ortaya qoyaraq 42 km.lik bəzi infrastrukturların inşası üçün 145 milyon dollar ilkin olaraq maliyyə ayırdı”.

Müsahibimiz bildirib ki, ancaq bütün məsələlər həll olunmayıb. Ona görə yenidən ABŞ-Ermənistan görüşünə ehtiyac var:

“Bu yöndə Ermənistanın İqtisadiyyat Nazirliyinin nümayəndə heyətinin ABŞ-yə səfəri gözlənilir. Həmin görüşdə digər detallar müzakirə olunacaq. Azərbaycan üçün prioritet məsələ Naxçıvana gedəcək yüklərin və vətəndaşların maneəsiz keçidinin və təhlükəsizliyinin təmin olunmasıdır. Təhlükəsizliyin kimlər tərəfindən, hansı formada keçiriləcəyi ilə bağlı detallar müzakirə olunmaqdadır".

Natiq Miri: Bu gün Paşinyanın əmin danışmasının əsas səbəbi paraflanan sülh sənədidir

Analitik qeyd edib ki, belə təmaslarda 8 avqust görüşündə əldə olunan razılaşmalara sadiqlik məsələsi də qarşılıqlı yoxlanılır:

"Əgər iradlar varsa, onlar da səsləndirilir. Düşünürəm ki, Ermənistanın elə imkanları yoxdur ki, bu prosesi sabotaj etsin. Bu, xüsusən Paşinyanın siyasi maraqlarına uyğun davranış deyil. Çünki çox həssas dönəmdən keçir və irəlidə parlament seçkiləri var. Bu gün Nikol Paşinyanın əmin danışmasının əsas səbəbi Azərbaycan-Ermənistan arasında paraflanan sülh sənədidir. Paşinyan bütün görüşlərində, müxalifətlə mübarizədə, cəmiyyət arasında məhz sülh sənədinin paraflanmasını gündəmə gətirir. Ermənistan ictimaiyyəti Paşinyana sülh vədinə görə, növbəti dəfə mandat verdi”.

Natiq Miri burulayıb ki, indiki məqamda pozuculuq etmək, prosesi uzatmaq Ermənistanın əleyhinə işləyir:

“Yanlış addımlarla İrəvan hökuməti əlindəkini də itirə bilər".

Aydın Baxış


SON XƏBƏRLƏR