• Bakı 11° C

    3.92 m/s

  • USD - 1.7

    EUR - 1.7932

    RUB - 0.0173

“Yasamal” idman klubunun direktoru yenidən məhkəmə qarşısında

HADİSƏ

14 Noyabr 2024 | 13:47

“Yasamal” idman klubunun direktoru yenidən məhkəmə qarşısında

Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Əliyev və “Yasamal” idman-sağlamlıq klubunun direktoru Alik Həsənov barəsində olan hökmdən verilən protest və şikayət üzrə məhkəmə prosesi başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilkin məhkəmə baxışı başlayıb. Hakim bildirib ki, Nadir Əliyevin vəkili ərizə ilə müraciət edərək prosesdə iştirak edə bilməyəcəyini məhkəmənin təxirə salınmasını xahiş edib.

    Zərərçəkən Elçin İsmayılovun vəkili Aslan İsmayılov isə işin məhkəmə baxışına verilməsini, eyni zamanda, Nadir Əliyev barəsində olan olan hökmün dəyişdirilməsini və onun barəsində həbs-qətimkan tədbirinin seçilməsini istəyib.

    Nadir Əliyevin vəkilinin təqdim etdiyi ərizə nəzərə alınaraq məhkəmə prosesi 21 noyabra təxirə salınıb.

    Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Nadir Əliyevə 7 il azadlıqdan məhrum etmə cəzası təyin olunub, onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib və 3 il sınaq müddəti olmaqda şərti cəza verilib. N.Əliyev məhkəmə zalından azadlığa buraxılıb. Alik Həsənov isə 7 il müddətinə azadlıqdan məhrum edilib.

    Hökmdən həm apellyasiya protesti, həm də apellyasiya şikayəti verilib.

    Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən Nadir Əliyev və Alik Həsənovun hər birinin 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

    Baş Prokurorluğun yaydığı məlumata görə, Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Əliyev və “Yasamal” idman-sağlamlıq klubunun direktoru Alik Həsənovun həmin klubun istifadəsində olan keçmiş “Məhsul stadionu” adlanan ərazinin satışı adı altında sahibkarlara məxsus pul vəsaitlərini ələ keçirmələri barədə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

    Aparılan istintaqla Nadir Əliyevin Alik Həsənovla qabaqcadan əlbir olaraq Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 69D ünvanında 1,26 hektar torpaq sahəsində yerləşən sözügedən stadion ərazisini guya həmin yerdə hündürmərtəbəli binanın inşa edilməsi məqsədi ilə 5 milyon 500 min manata sata biləcəklərini ayrı-ayrı sahibkarlara bildirmələrinə, həmin məsələnin həlli üçün əvvəlcə beh verilməsi, habelə Konfederasiyanın rəhbər vəzifəli şəxslərinə rüşvət qismində çatdırılması adı ilə sahibkarladan cəmi 900 min manat məbləğində pul vəsaitini aldatma yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

    Bundan başqa, istintaq zamanı Alik Həsənovun həmin vəzifədə işləyərkən eyni üsul və məqsədlə direktoru olduğu stadionun ərazisini digər sahibkara 8 milyon manata sata biləcəyini bildirməsinə, bunun üçün aidiyyəti vəzifəli şəxslərə rüşvət verilməsi və müvafiq sənədləşdirmənin aparılması adı ilə sahibkara məxsus 360 min manat məbləğində pul vəsaitini təkrarən ələ keçirməsinə də əsaslı şübhələr müəyyənləşdirilib.

    Qeyd edilən hallarla bağlı toplanmış ilkin sübutlar əsasında Nadir Əliyev və Alik Həsənova müvafiq olaraq Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) və 32.4, 312.2-ci (rüşvət verməyə təkrarən təhrik etmə) maddələri ilə ittiham elan edilərək, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


    SON XƏBƏRLƏR

    14 Noyabr 2024