İsrail ordusu Hizbullah mövqelərinə endirdiyi hava zərbələrindən sonra İsrail-Livan sərhədində hərbi gərginlik artıb. Livan hakimiyyəti baş verənləri ölkənin suverenliyinə açıq müdaxilə kimi qiymətləndirir və beynəlxalq ictimaiyyəti bu məsələyə münasibət bildirməyə çağırır.
Mövcud vəziyyət fonunda İsrail-Livan sərhədində eskalasiyanın hansı regional güclərin maraqlarına xidmət etdiyi və bu prosesin genişmiqyaslı münaqişəyə çevrilmə ehtimalı sual doğurur.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Azad Məsiyev bildirib ki, əgər İsrail ABŞ-nin siyasi və hərbi dəstəyini almasaydı, onların Yaxın Şərqdə bu qədər aqressiv siyasət həyata keçirməsi mümkün olmazdı. Onun sözlərinə görə, Vaşinqtonun verdiyi açıq dəstək İsrailin regional siyasətində həlledici rol oynayır.
Müsahibimiz qeyd edib ki, müxtəlif qlobal lobbi dairələri tərəfindən formalaşdırılan strategiya mövcuddur:
"İsrail isə bu strategiyanı icra edən əsas aktorlardan biri kimi çıxış edir. Bunda məqsəd Yaxın Şərqdə “Böyük İsrail” ideyasını reallaşdırmaqdır və İsraildə hakimiyyətə hansı siyasi qüvvənin gəlməsindən asılı olmayaraq bu xətt davam etdirilir".
.jpg)
Azad Məsiyev: Rusiyaya tətbiq olunan sanksiyalar İsrailə də olunmalıdır
O bildirib ki, İsrail öz ərazisini Fələstin torpaqları hesabına genişləndirib və bununla yanaşı, Suriya, Livan və digər qonşu ölkələrin ərazilərinə dair iddialar mütəmadi olaraq gündəmə gətirilir. Politoloqun sözlərinə görə, təxminən bir neçə ay əvvəl İsrailin hazırkı baş naziri “vəd olunmuş torpaqlar” ifadəsini açıq şəkildə işlədərək bu məqsədlərin gizlədilmədiyini nümayiş etdirib.
Həmsöhbətimizin dediyinə görə, ABŞ İsrailə hərbi, siyasi və diplomatik vasitələrlə dəstək verir:
"Nəticədə Təl-Əviv nə beynəlxalq hüquqa, nə də humanitar normalara riayət edir. ABŞ-də siyasi hakimiyyətə gəlmək üçün güclü lobbi dəstəyinin həlledici rolu var və bu dəstəyin qarşılığında İsrailə siyasi öhdəliklər götürülür".
Politoloq əlavə edib ki, İsrail təkcə Fələstin torpaqlarını deyil, regionun digər ölkələrinin ərazilərini də hədəfə alır. Onun sözlərinə görə, Suriyadakı yüksəkliklərin ələ keçirilməsi, Fələstin torpaqlarının işğalı və Qəzzada baş verən hadisələr bunun açıq sübutudur:
"İsrail hərbi əməliyyatlarını bəzən özünümüdafiə, bəzən isə terrorla mübarizə adı altında əsaslandıraraq qonşu əraziləri işğal edir. Onlar digər qonşu dövlətləri də hərbi güclə hədələyir və bu, beynəlxalq hüquqa ziddir. Politoloqun fikrincə, baş verənlər müasir dünya siyasətində beynəlxalq hüququn deyil, güc amilinin həlledici rol oynadığını göstərir".
Müsahibimiz bildirib ki, ABŞ prezidenti Donald Tramp özünü sülh tərəfdarı kimi təqdim etsə də, İsrailin addımlarına faktiki olaraq göz yumur və bu siyasəti dəstəkləyir. Mütəxəssis qeyd edib ki, Qəzzada mülki əhaliyə qarşı kütləvi zorakılıq həyata keçirilir, insanlar öldürülür və yerli sakinlər öz doğma torpaqlarından didərgin salınır. Artıq açıq şəkildə bəyan olunur ki, Qəzzada yaşayan əhali köçürülür. Bu isə heç bir beynəlxalq normaya uyğun gəlmir:
"İsrail eyni zamanda digər qonşu dövlətlərin ərazilərinə də iddia edir və hərbi güc tətbiq etməklə bu siyasəti davam etdirir. Onun fikrincə, bu proseslər göstərir ki, müasir dünya siyasəti beynəlxalq hüquqla deyil, gücün qanunu ilə tənzimlənir. ABŞ İsrailə hərbi və siyasi dəstək verməklə bu siyasətin birbaşa himayədarına çevrilib. Qəzzada baş verən hadisələrdə Tramp administrasiyasının da məsuliyyəti var. ABŞ bu dövləti Yaxın Şərqdə ərəb dünyasına qarşı təzyiq aləti kimi istifadə edir və Vaşinqtonun siyasətinə qarşı çıxan dövlətlər İsrail vasitəsilə təhdid olunur. Bu isə regionda xaosu daha da dərinləşdirir".
Azad Məsiyevin fikrincə, hər bir dövlətin və xalqın özünü müdafiə etmək hüququ var və İsrailin aqressiyasına qarşı çıxan qüvvələrin mövqeyi də bu çərçivədə dəyərləndirilməlidir.
O hesab edir ki, əgər beynəlxalq ictimaiyyət İsrailin bu siyasətinin qarşısını almaq istəyirsə, Rusiyaya tətbiq edilən sanksiyalara bənzər addımlar İsrailə qarşı da atılmalıdır. Onun sözlərinə görə, İsrail siyasi və iqtisadi baxımdan təcrid olunmadığı müddətdə aqressiv xəttini davam etdirəcək.
Zeynəb Rzayeva
Bakı 




