Yay mövsümünün yaxınlaşması ilə havaların istiləşməsi avtomobil sahiblərinin diqqətini daha çox sərinlədici sistemlərə, xüsusilə kondisionerə yönəldir. Sərin və komfortlu gediş üçün avtomobil kondisioneri yay aylarında əsas texniki vasitələrdən birinə çevrilir. Lakin bu sistemin effektiv və təhlükəsiz işləməsi onun düzgün istifadəsi və müntəzəm texniki baxışı ilə birbaşa bağlıdır.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Sahil Ağabəyli bildirib ki, avtomobil kondisionerinin uzunömürlü və sağlam işləməsi üçün ona mütəmadi qulluq göstərmək vacibdir:
"Kondisioneri ən azı ayda bir-iki dəfə, heç olmasa 30 gündə bir dəfə, qapılar açıq vəziyyətdə işə salmaq lazımdır. Bu zaman cihazın tərkibindəki soyuducu maye-freon sistem daxilində dövr edir və daxili sistemin paslanmasının, göbələk və küf yaranmasının qarşısı alınır. Əks halda, kondisioner sistemində mikroorqanizmlər və kif yaranaraq həm cihazın ömrünü qısaldır, həm də avtomobilin iç mühitini sağlamlıq üçün təhlükəli edə bilər".
Sahil Ağabəyli: Avtomobil kondisionerinin düzgün istifadəsi son dərəcə vacibdir
Usta qeyd edib ki, xüsusilə yay aylarında kondisioneri işə salmazdan əvvəl avtomobilin şüşələrini bir qədər endirib havalandırmaq lazımdır:
"Bu, avtomobilin içində toplanmış isti və durğun havanın çıxmasına, kondisionerin isə daha effektiv və sağlam hava verməsinə şərait yaradır. Əks halda, sistemdə toplanmış nəm və çirkli hava birbaşa nəfəs yollarına təsir göstərərək allergiya, boğaz və tənəffüs yolu problemlərinə səbəb ola bilər".
"Təmizlənmə işləri yerinə yetirilmədikdə, kondisioner təkcə pis qoxu yaymaqla kifayətlənmir, həmçinin nəfəs yollarında allergik reaksiyalar, bronxit, astma və digər xroniki tənəffüs yolu xəstəliklərinə səbəb ola bilər. Bundan əlavə, çirkli sistem cihazın performansını aşağı salır və daha çox enerji sərfiyyatına yol açır. Bu səbəbdən avtomobil kondisionerinin həm düzgün istifadəsi, həm də vaxtında texniki baxış və təmizlənməsi, həm cihazın ömrü, həm də sürücü və sərnişinlərin sağlamlığı baxımından son dərəcə vacibdir",- deyə S.Ağabəyli vurğulayıb.
Nuriyyə Musayeva