Artıq universitet seçimi mərhələsi başa çatıb və bir neçə günə qəbul nəticələri tam açıqlanacaq.
Universitet minlərlə gəncin həyatında yeni başlanğıc deməkdir.
Bəs, bu yeniliyə adaptasiya prosesi necə olmalıdır?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən psixoloq Günay Kərimi bildirib ki, bu dövr bir çox ailələrdə, xüsusilə də gənclərdə böyük stress yaradır. Onun sözlərinə görə, valideynlərin övladları üzərində yüksək gözləntiləri olur, bəzən onların potensialından artıq nəticə tələb edirlər. Bu isə həm hazırlıq müddətində, həm də ixtisas seçimi prosesində gənclərin gərginlik yaşamasına səbəb olur.
Müsahibimiz hər il universitetə hazırlaşan şagirdlərin stres içində olduqlarına şahidlik edildiyini bildirib. Psixoloq qeyd edib ki, abituriyentlər yaxşı nəticə əldə etmək arzusundadırlar, amma eyni zamanda “ya alınmasa?” düşüncəsi onlarda təzyiq və həyəcan yaradır:
“Təəssüf ki, bəzən qəbul olmayan abituriyentlər arasında ağır nəticələrlə də rastlaşırıq. Ümid edirik ki, bu il belə hallara şahid olmayacağıq. Buradan bütün gənclərə demək istəyirik ki, nə olursa olsun, həyat davam edir. Həyat hər şeydən önəmlidir və gözəldir. Bu il uğur qazana bilməyənlər gələn illərdə daha çox çalışaraq, daha böyük inamla məqsədlərinə doğru irəliləyə bilərlər”.
Müsahibimiz qəbul olan tələbələrin isə yeni bir mərhələyə qədəm qoyduqlarını deyib. Onun sözlərinə görə, istər bağça, istər məktəb, istərsə də universitet olsun hər yeni mühitdə adaptasiya problemləri qaçılmazdır. G.Kərimi bildirib ki, yeni müəllimlər, yeni insanlar, fərqli şərait hər kəsdə müəyyən həyəcan yarada bilər:
“Bu, imtahanda yaşanan stressə bənzəyir. Həm bilməkdən, həm də bilməməkdən qaynaqlanır. Yay tətilindən sonra işə və ya dərs rejiminə qayıdış da adaptasiya çətinliyi yaradır. Hətta fəsil dəyişikliyi belə insanın əhvalına təsir göstərir. Payızın tutqun havaları, günəşin az görünməsi bəzilərində “payız depressiyası” deyilən halı yarada bilir”.
Günay Kərimi: Hər yeni mühitdə adaptasiya problemləri qaçılmazdır
G.Kərimi universitetlər açılmadan öncə gənclərə tövsiyə edib ki, yuxu rejimlərini qaydaya salsınlar, qidalanmalarına diqqət etsinlər və ən əsası, düşüncələrini pozitiv saxlasınlar:
“Çünki onlar artıq böyük bir uğura imza atıblar, zəhmətlərinin bəhrəsini görüblər. Bu sevinc və qələbə hissi onların adaptasiyanı daha asan keçməsinə kömək edəcək.
Mən Bakıvaxtı.az saytı vasitəsilə bütün gənclərimizi bir daha təbrik edirəm, hər birinə bol uğur arzulayıram. Qəbul ola bilməyənlərə isə ruhdan düşməməyi, daha inamlı və məqsədyönlü şəkildə növbəti illərə hazırlaşmağı tövsiyə edirəm”.
Mina Mikayılova