Məlum olduğu kimi, ali təhsil müəssisələrinin bakalavriat pilləsi üzrə ixtisas seçimi başa çatıb.
Bakıvaxtı.az xatırladır ki, ixtisas seçimi bütün ixtisas qrupları üzrə 2025‑ci il avqustun 11-dən 19 avqust saat 23:59-dək internet vasitəsilə aparılıb.
Sosial şəbəkələrdə yerləşdirmənin nəticələrinin avqustun 22-si günün ikinci yarısı açıqlanması ilə bağlı fikirlər səsləndirilir.
Bakıvaxtı.az sözügedən iddialarla bağlı Dövlət İmtahan Mərkəzinə sorğu ünvanlayıb.
Sorğumuza cavab olaraq olaraq bildirilib ki, yerləşdirmənin nəticələri ilə bağlı dəqiq tarix bilinmir:
"İmtahan nəticələri, müsabiqə nəticələri və s. bu kimi məsələlərdə dəqiq tarix göstərmək mümkün olmur".
Qeyd edək ki, bakalavriat səviyyəsi üzrə 86 min 460 abituriyent ali təhsil müəssisələrinə elektron ixtisas seçimi ərizələrini təsdiq edib.
Onlardan 23 min 919-u I qrup üzrə, 19 min 41-i II qrup üzrə, 24 min 414-ü III qrup üzrə, 6 966-sı IV qrup üzrə, 16 min 517-si isə V qrup üzrə seçim edib.
Həmçinin I qrupda 22 min 209 nəfər Azərbaycan bölməsi, 1710 nəfər rus bölməsi, II qrupda 17 min 682-si Azərbaycan bölməsi, 1 359-u rus bölməsi, III qrupda 22 min 130-u Azərbaycan bölməsi, 2 284-ü rus bölməsi, IV qrupda 6 min 319-u Azərbaycan bölməsi, 647-si rus bölməsi, V qrupda isə 14 min 350-si Azərbaycan bölməsi, 2 167-si isə rus bölməsi üzrə ixtisas seçimi edib.
Mina Mikayılova