Son illərdə ölkəmizdə motosiklet, moped və skuter qəzalarının sayı xeyli artıb.
Məlum olduğu kimi, bir neçə gün əvvəl tanınmış hüquqşünas Fərhad Mehdiyevin övladı da motosikletlə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı həyatını itirib. Belə ki, gənc qızın idarə etdiyi motosiklet “Mercedes-Benz” markalı avtomobillə toqquşub. Qəza nəticəsində ağır xəsarətlər alan motosikletçinin həyatını xilas etmək mümkün olmayıb.
Bu ilin may ayında paytaxtın Xətai rayonunda gənc motosikletçinin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. 99-M-279 dövlət nömrə nişanlı motosiklet yüksək sürətlə hərəkətdə olarkən idarəetmədən çıxaraq yerüstü piyada keçidinin dayağına çırpılıb. Qəza nəticəsində Bakı sakini, 26 yaşlı Raul İsgəndərov aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
2026-cı ilin ilk 3 ayı ərzində 5 yol-nəqliyyat hadisəsində 3 nəfər həyatını itirib, 2 nəfər xəsarət alıb. 2025-ci ilin 12 ayı ərzində isə respublika yollarında ölüm və xəsarətlə nəticələnən 43 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Həmin hadisələr nəticəsində 12 nəfər həyatını itirib, 36 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq yaralanıb.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan nəqliyyat üzrə ekspert Ərşad Hüseynov deyib ki, ikitəkərli nəqliyyat vasitələrini idarə edən şəxslər daha diqqətli olmalıdır.
Ekspertin sözlərinə görə, birinci qrup problemlər mövcud infrastrukturla bağlıdır: “Diqqət yetirsəniz, görərsiniz ki, ikitəkərli nəqliyyat vasitələrinin digər nəqliyyat vasitələri ilə toqquşması daha çox qaranlıqda, gecələr baş verir. Səbəb də odur ki, küçələr yaxşı işıqlandırılmır. Nəzərə alınmalıdır ki, ikitəkərli nəqliyyat vasitələrini idarə edənlər hündürlük baxımından piyada gedən şəxslərdən aşağı olurlar. Bu da görüntü problemlərinə səbəb olur. Görüləndə isə artıq gec olur”.
Ərşad Hüseynov: Motosikletçilərin bəziləri yol-hərəkət qaydalarına məhəl qoymur, zolaqlar arasında necə gəldi hərəkət edirlər
Müsahibimiz bildirib ki, bundan başqa bəzi yerlərdə yollarda defektlərin olması, nişan və ya işıqforlarda problemlərin olması da bu qəzalarda rol oynayır. Ona görə də motosiklet sürücüsü bəzən unudur ki, qonşu zolaqda avtomobil var.
Ekspert qeyd edib ki, hətta bəziləri yol-hərəkət qaydalarına məhəl qoymurlar, zolaqlar arasında necə gəldi hərəkət edirlər:
“Belə hallarda avtomobil sürücülərinin azacıq sükanı tərpətməklə yandakı motosikletə, mopedə toxunması ciddi qəzalarla, ölümlə nəticələnə bilir”.
Aydın Baxış
Bakı 



