Yunanıstan parlamenti səsvermənin üçüncü turunda da ölkə prezidentini seçə bilməyib, namizədlərdən heç biri deputatların ümumi səsinin zəruru olan 3/5 hissəsini (300-dən 180-ni) toplaya bilməyib, dördüncü tur fevralın 12-də keçiriləcək.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə parlament sədri Nikitas Kaklamanis məlumat verib.
"Heç bir namizəd seçilmək üçün tələb olunan səsi toplaya bilməyib. Respublika prezidentinin seçilməsi üzrə növbəti səsvermə beş gündən sonra, yəni fevralın 12-si saat 10:00-da keçiriləcək", - o bildirib.
Baş nazir Kiriakos Mitsotakis tərəfindən dövlət başçısı vəzifəsinə irəli sürülən parlamentin keçmiş spikeri, hakim "Yeni Demokratiya" Partiyasının üzvü Konstantinos Tasulas ilk iki turda olduğu kimi 160 səs, PASOK-dan olan namizəd Tasos Yannitsis 34 səs, SİRİZA-dan olan Luka Katseli 40 səs, "Niki" ("Qələbə") Partiyasından yazıçı Kostas Kiriaku isə 14 səs toplayıb. Namizədlər ilk iki turda da eyni sayda səs toplamışdılar.