“İlk növbədə, noyabrın 11-dən Bakıda keçirilən və sabah başa çatmalı olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının yüksək səviyyədə təşkilini qeyd etmək istərdik. Rusiyanın tədbirdə böyük heyətlə təmsil olunması bir daha təsdiq edir ki, ölkəmiz iqlim dəyişikliyi ilə mübarizədə qüvvələrin birləşməsini davamlı olaraq, müdafiə edir”.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, bu format çərçivəsində Rusiya Federasiyası Hökumətinin sədri cənab Mişustin iqlimlə bağlı dünya liderlərinin sammitində çıxış edib:
“O, Azərbaycan prezidenti ilə görüşüb. Həmçinin azərbaycanlı həmkarı ilə danışıqlar aparıb. Biz Azərbaycan tərəfinin nümayəndə heyətimizi səmimi qəbul etməyini vurğulamalıyıq. Çox məmnunam ki, ənənəvi olaraq isti qarşılanırıq. Əminik ki, bu tədbirin Azərbaycanda keçirilməsi, xüsusən də Azərbaycanın belə bir səviyyə nümayiş etdirməsi, uğurlu nəticələr əldə etməsi Bakının beynəlxalq aləmdə nüfuzunu artıracaq. Biz Azərbaycan və bütün maraqlı dövlətlərlə iqlim dəyişikliyi ilə bağlı əməkdaşlığı davam etdirməyi hədəfləyirik”.
Aydın Baxış