Ukrayna prezidenti Volodimir Zelenski “qələbə planı”nın hazırlanmasından danışıb.
Bakıvaxtı.az xəbər verir ki. bu barədə dövlət başçısı axşam videomüraciətində bildirib. Zelenski qeyd edib ki, qələbə planı tam hazırlanıb:
"Bütün məqamlar, bütün əsas vurğular, plana lazımi əlavələr hazırlanıb. Əsas məsələ onu həyata keçirmək əzmidir".
Onun sözlərinə görə, müharibənin dondurulmasına və ya Rusiyanın təcavüzünü sadəcə olaraq başqa mərhələyə keçirəcək hər hansı digər manipulyasiyalara yer yoxdur və ola da bilməz:
"Bizə Ukrayna və bütün Avropa üçün etibarlı və uzunmüddətli təhlükəsizlik lazımdır".
Məlumdur ki, bu plan həm ABŞ-nin hazırkı Prezidenti Co Baydenə, həm də iki namizədə - Kamala Harris və Donald Trampa təqdim olunacaq.
Politoloq Məhəmməd Əsədullazadə Bakıvaxtı.az-a bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenskinin sülh və qələbə planı Kiyevin təklifləri əsasında ABŞ, Böyük Britaniya tərəfindən hazırlanıb.
Siyasi şərhçinin sözlərinə görə, Zelenskinin sülh layihəsi ABŞ prezidentliyinə namizədlər - Donald Trampa və Kamala Harrisə də təqdim olunacaq:
"Hesab edirəm ki, bu, çox uğurlu bir plandır. Hazırda Rusiya ilə gizli danışıqlar aparılır. ABŞ, Böyük Britaniya və Rusiya arasında da danışıqlar gedir. Rusiya qoşunlarının Ukraynadan çıxarılması istiqamətində intensiv və gizli müzakirələr də var”.
Məhəmməd Əsədullazdə: Planı şərtləndirən əsas məsələ Qərbin verdiyi, verəcəyi əsas silahlardır
Müsahibimizə görə, ümumən, Ukraynanın Kurska daxil olması, müəyyən əraziləri işğal altında saxlaması Kiyev üçün uğurlu əməliyyatlardır:
“Rusiya üzərində hərbi və psixoloji üstünlük deməkdir. Məhz bunun nəticəsində Zelenski qələbə planı hazırlayıb. Planı şərtləndirən əsas məsələ Qərbin verdiyi, verəcəyi əsas silahlardır. Artıq Ukrayna Rusiyanın bir çox strateji və müharibənin taleyini həll edəcək hərbi anbarlarını məhv edib. "Qələbə planı" o qədər uğurlu və unikal hazırlanıb ki, Rusiya Qərblə danışıqlara getməyə məcburdur”.
“Bu planda Ukraynanın hərbi-strateji obyektləri hədəf alması, Qərbin verdiyi silahların tətbiq edilməsi və s. məqamlar əksini tapıb. Məqsəd Rusiyanı danışıqlar masasına əyləşdirmək, güzəştlərə məcbur etməkdir", - deyə Məhəmməd Əsədullazadə əlavə edib.
Aydın Baxış