Məktəbəqədər təhsil müəssisələrində keyfiyyətin artırılması məqsədilə 11 mindən çox tərbiyəçi-müəllimin bilik və bacarıqları qiymətləndirilib.
Bakıvaxtı.az xəbər verir ki, bunu Təhsil işçilərinin sentyabr konfransında çıxış edən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bildirib.
Dövlət Agentliyinin rəhbəri məktəbəqədər təhsildə keyfiyyətin əsas göstəricisinin pedaqoji heyət olduğunu xüsusi vurğulayıb:
“Uşağın məktəbəqədər təhsilə çıxışını təmin etmək hələ keyfiyyətli məktəbəqədər təhsil demək deyil. Keyfiyyəti müəyyən edən əsas amillərdən biri hər gün uşağın qarşısında dayanan tərbiyəçi-müəllimdir. Bu səbəbdən son illərdə tərbiyəçi-müəllimlərin işə qəbulunda mərkəzləşdirilmiş və rəqabətli seçim mexanizmi tətbiq edilib. Bu mexanizm vasitəsilə təxminən 1300 yeni ixtisaslı tərbiyəçi-müəllim sistemə cəlb olunub”.
Eşqi Bağırov kadroların peşəkar inkişafı üzrə görülən işlərə və qarşıda duran əsas hədəflərə də toxunub:
“Tərbiyəçilərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi istiqamətində geniş diaqnostik proses həyata keçirilib, 11 mindən çox tərbiyəçinin bilik və bacarıqları qiymətləndirilərək onların peşəkar inkişaf ehtiyacları müəyyən edilib. Növbəti mühüm mərhələ tərbiyəçi-müəllimlərin sertifikatlaşdırılmasıdır. İlin sonunadək 12 minə yaxın tərbiyəçi-müəllimin sertifikatlaşdırılması təşkil ediləcək”.
O, tətbiq edilən strategiyanın əsas qayəsini yekun olaraq belə ifadə edib:
“Beləliklə, məktəbəqədər təhsildə yanaşmamızın iki əsas xətti bir-birini tamamlayır: daha çox uşağa çıxış yaratmaq və həmin uşağın qarşısına daha hazırlıqlı, daha peşəkar pedaqoq çıxarmaq”.
Murad İsmayıl
















