• Bakı C

    4 m/s

  • USD - 1.7

    EUR - 1.75

    RUB - 1.6396

20 Yanvar həm də milli birliyimizin güc mənbəyidir - Əkbər Qoşalı yazır
YAZARLAR
20 Yanvar 2025 | 08:55

20 Yanvar həm də milli birliyimizin güc mənbəyidir - Əkbər Qoşalı yazır

Əkbər Qoşalı

20 Yanvar 1990-cı il… - Bu tarix Azərbaycanın milli təqvimində yalnız bir Hüzn Günü deyil, həm də millətimizin əyilməz iradəsinin, azadlıq uğrunda mübarizənin yüksək təcəssümü kimi yaddaşımıza həkk olunub.

20 Yanvarın 35-ci ildönümündə, tarixə bir daha nəzər salmaq və o gecənin milli ruhumuza nəqş etdiklərini (yığcam şəkildə də olsa), incələmək önəmlidir.

20 Yanvarın məntiqi zirvəsi:

Şəhidlərin xatirəsinə ismarlanan Zəfər

20 Yanvar hadisələri təkcə xalqımıza qarşı törədilmiş qətliam deyildi. O, Azərbaycan xalqının öz haqq səsinə sadiqliyini nümayiş etdirdiyi, istiqlal yolunda ən çətin maneələri dəf etməyə hazır olduğunu dünyaya duyurduğu bir gecə idi. O qanlı gecə, hər bir azərbaycanlının yaddaşında həm kədər, həm də qürurla əbədi yaşayır. 1990-cı ilin yanvarında Bakıda və ətraf bölgələrdə sovet qoşunlarının törətdiyi qırğınlar, xalqın qurtuluş idealını boğmağa yönəlmiş aşırı təzyiqlərin ən ağırlarından idi. Lakin həmin qırğınlar bizi sarsıtmadı, əksinə, milli mübarizəmizin mənəvi dayaq nöqtəsinə çevrildi:

Qatil gülləsinə qurban gedirkən,

Gözünü sabaha dikdi Şəhidlər.

Üçrəngli bayrağı öz qanlarıyla,

Vətən torpağına çəkdi Şəhidlər…

Zalım öyünməsin zülümləriylə,

Min bir böhtanıyla, min bir şəriylə.

Həqiqət uğrunda ölümləriylə,

Ölümü kamına çəkdi Şəhidlər…

O şənbə gecəsi, o qətl günü,-

Mümkünə döndərdik çox namümkünü,

Xalqın qəlbindəki qorxu mülkünü,

O gecə dağıdıb sökdü Şəhidlər…

(B.Vahabzadə).

Bu gün, bütün dövrlərdəki şəhidlərimizin qanının yerdə qalmadığını qürurla deyə bilərik. Qurtuluş, suverenlik və ərazi bütövlüyü uğrunda şəhidlərimiz, İkinci Qarabağ müharibəsindəki möhtəşəm qələbənin əsasını təşkil edən mənəvi irs kimidir.

2020-ci ildə başlayan 44 günlük müharibə və 2023-cü ilin antiterror əməliyyatı göstərdi ki, Azərbaycan dövləti və xalqı, tarix boyu başımıza gətirilənlərin əvəzini çıxmağa qadirdir.

Azadlığa gətirən yollar:

1990-cı İllərdən bu günə

Ermənistanın 90-cı illərdən öncədən başlayan işğalçılıq siyasəti və bunun doğurduğu məcburi köçkünlük problemi, xalqımızın səbr kasasını daşırmışdı. Həmin dönəmdə Azadlıq meydanına axışan və bir yumruq kimi birləşən xalq, öz haqq səsini qaldırırdı. Onlar dədə-baba yurdlarından didərgin salınmış həmvətənlərimizin hüquqlarını müdafiəyə çağırır, Azərbaycanın ərazi bütövlüyünü qorumaq uğrunda qətiyyətli iradə nümayiş etdirirdi. Lakin məhz 1990-cı ilin 20 Yanvar gecəsi bu iradə bir sınaqdan keçdi və xalqımız öz taleyini yazmaq, yazılanları ciddi redaktə etmək hüququnu qanla təsdiqlədi.

Bu gün o dönəmdə qaldırılan şüarların ən önəmlilərinin artıq həyata keçdiyini görürük. Azərbaycan yalnız ərazi bütövlüyünü bərpa etməklə yetinmədi, həm də beynəlxalq arenada öz mövqeyini möhkəmləndirdi. Ən əsası, Azərbaycan xalqı öz gücünə inandı və bu inamı əməldə sübuta yetirdi.

Şəhidlərin ruhunu şad edən Böyük Qayıdış

Bu gün işğaldan qurtulmuş ərazilərimizdə Azərbaycan qutsal dövlət bayrağı dalğalanır. Böyük Qayıdış proqramı çərçivəsində həmin torpaqlar yenidən abadlaşdırılır, mədəniyyət, insaniyyat, bir sözlə, həyat geri qayıdır. Bu, 20 Yanvar şəhidlərinin ruhunu ən çox sevindirən bir prosesdir. 35 il öncə sovet tanklarının altında, avtomat güllələrinin önündə qalan insanlar, yalnız bir gün üçün deyil, gələcəkdə müstəqil, güclü və sarsılmaz Azərbaycan görmək üçün canlarını fəda etdi. Bu gün həmin arzuların gerçəkləşməsi, yalnız bir rəsmi - dövlət uğuru deyil, eyni zamanda mənəvi Zəfərdir.

20 Yanvarın dərsləri və yeni çağırışlar

20 Yanvar, yalnız hüzn günü kimi deyil, həm də milli birliyimizin güc mənbəyidir. Biz bu dərsləri gələcək nəsillərə ötürməli, şəhidlərimizin irsini yaşatmalı və daim qabaqcıl olmalıyıq ki, bir daha belə faciələr təkrarlanmasın. Bu gün Azərbaycanın qarşısında duran əsas çağırış, azad edilmiş torpaqları yenidən canlandırmaq, müstəqilliyimizi əbədi etmək və gələcək nəsillər üçün daha güclü bir dövlət miras qoymaqdır.

Ruhunuz şad olsun, əziz şəhidlərimiz! Sizin fədakarlığınız, bu gün yaşayan Azərbaycanın möhtəşəmliyində öz əksini tapır.

Şəhidlər ölmədi, Vətən bölünmədi!

Dövlətimiz zaval görməsi!

Bakıvaxtı.az


SON XƏBƏRLƏR

19 Yanvar 2025